İrəvanda seçkinin nəticələrinə etiraz aksiyası başlayıb
19 fevral 2013 07:50 (UTC +04:00)

İrəvanda seçkinin nəticələrinə etiraz aksiyası başlayıb

İrəvanda Mərkəzi Seçki Komissiyasının binası qarşısında gecə saatlarında prezident seçkilərinin səsverməsinin nəticələrinin saxtalaşdırılmasının əleyhinə etiraz aksiyası başlayıb.

 

Lent.az-ın «Armİnfo»-a istinadən məlumatına görə, aksiya iştirakçıları etirazın müddətsiz olduğunu və tələbləri yerinə yetirilənədək meydandan getməyəcəklərini bəyan ediblər.

 

Xatırladaq ki, Ermənistan Mərkəzi Seçki Komissiyası 1988 seçki məntəqəsinin hamısından gələn nəticələrin sayıldığını bildirib. Alınan nəticələrə əsasən, hazırkı prezident Serj Sarqsyana seçicilərin 861 min 167 nəfəri, yəni 58,64 faizi səs verib. Beləliklə, o, seçkidə qalib gəlib.

 

İkinci yerdəki Raffi Ovanisyanın 36,75% səsi var. Ancaq gecə saatlarında tərəfdarları qarşısında etdiyi çıxışında R.Ovanisyan seçkidə qalib gəldiyini bəyan edib.

O, deyib:«...Serj Sarqsyan Ermənistanda xalqın qələbəsini tanıyan ilk prezident olmalıdır. Bu, Raffinin qələbəsi, Serjin məğlubiyyəti deyil. Seçkidə öz iradəsini ifadə etməklə xalq qalib gəldi. Xalqımız de-yure seçilən prezidentə layiqdir».

 

R.Ovannesiyan siyasi mənsubiyyətindən asılı olmayaraq, seçkinin nəticələrini saxtalaşdıran hər kəsin cəzalandırılacağını söyləyib.

 

O, xalqın etimadını 5 ildə doğruldacağını və hakimiyyəti gənc nəslə  ötürmək niyyətində olduğunu boyun olub. 

 

# 1725
avatar

Oxşar yazılar