AFFA-da hansı “vakant vəzifə”yə seçkilər olacaq?
18 fevral 2013 13:55 (UTC +04:00)

AFFA-da hansı “vakant vəzifə”yə seçkilər olacaq?

AFFA-nın martın 15-də keçiriləcək növbəti konfransının gündəliyinə salınan “vakant vəzifəyə seçkilər” bəndi müəyyən şübhələrə yol açıb. Lent.az-ın məlumatına görə, daha öncə konfrans zamanı heç bir seçkinin olmayacağını israrla vurğulayan federasiya rəsmiləri gündəliyə məhz “vakant vəzifəyə seçkilər” də əlavə ediblər.

 

Hazırda hansı vəzifənin vakant olacağına dair mülahizələr yürüdülməkdədir. Ən real variant kimi AFFA prezidenti Rövnəq Abdullayevin işlərinin çoxluğu ilə əlaqədar istefa verəcəyi və yerinə “Bakı” klubunun prezidenti Hafiz Məmmədovun seçiləcəyi iddia olunur.

 

Məsələyə qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu aydınlıq gətirib. O, Lent.az-a açıqlamasında bildirib ki, söhbət AFFA rəhbərliyindən yox, komissiyalardan gedir: “Federasiyamızın daxilində 10-dək komissiya var. Nizamnaməyə əsasən, onlar konfransadək vakant vəzifələri varsa, təqdim etməlidirlər. Təqdim edəcəkləri halda, həmin vəzifələrə də seçkilər keçiriləcək. Amma AFFA rəhbərliyinə və ya İcraiyyə Komitəsinə seçkinin keçirilməsi qeyri-mümkündür. Çünki bu, hesabat-seçki yox, növbəti konfransdır”.

 

Qeyd edək ki, AFFA-nın son hesabat-seçki konfransı 2012-ci il martın 9-da keçirilib.

 

Elşən MƏMMƏDOV

# 872
avatar

Oxşar yazılar