“Bu istefa ilə güləşin olimpiadada qalacağını düşünmək olmaz” - MÜSAHİBƏ
16 fevral 2013 13:07 (UTC +04:00)

“Bu istefa ilə güləşin olimpiadada qalacağını düşünmək olmaz” - MÜSAHİBƏ

Əjdər Cəfərov: “Bizim üçün bir nömrəli problem güləşin olimpiya növləri sırasında yerini qoruyub saxlamasıdır”

 

Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Əjdər Cəfərovun Lent.az-a müsahibəsi

 

- Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) prezidenti Rafael Martinetti istefaya göndərilib. AGF-nin vitse-prezidenti Namiq Əliyevin də üzvü olduğu və şəxsən iştirak etdiyi toplantı barədə hansı məlumata maliksiniz?

 

- FİLA-nın Tailandda keçirdiyi Büro iclasında Martinettinə postunu tərk etməsi tövsiyə olunub. Büro üzvləri arasında səsvermə keçirilib. 11 üzv Martinettinin əleyhinə, 10-u isə lehinə səs verib. Lakin bu, hələ son qərar deyil. Ola bilər ki, FİLA-nın Konqresində də bu məsələ müzakirə olunsun. Martinettinin vəzifəsini tərk etdiyini birmənalı demək olmaz. Hələ Konqresdə də səsvermə keçirilməli və bütün ölkələrin güləş federasiyalarının rəhbərləri də öz mövqelərini bildirməlidirlər. Amma ehtimal böyükdür ki, artıq Martinetti postundan istefa verib. Büro üzvlərinin etimadını itirdiyini gördükdən sonra özü də seçki meydanına gəlməz və FİLA prezidenti olmaq istəməz.

 

- Bəs Namiq Əliyevin səsvermə zamanı mövqeyi necə olub?

 

- Bu barədə məlumatlı deyiləm. Bu gün Bakı vaxtı ilə saat 16:00-da Tailandda Büro İclasının yekunlarına həsr olunmuş mətbuat konfransı keçiriləcək. Məqsədəuyğun saysalar, səsvermədə kimin hansı mövqedə olduğunu açıqlayarlar.  

 

- FİLA-nın Bürosunda daha hansı yeniliklər tətbiq olunub?

 

- Yeniliklər FİLA-nın departamentlərində tətbiq olunub. Amma bu dəyişiklikləri indidən dəqiq deyə bilmərəm. Çünki tam məlumatlı deyiləm. Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyevlə əlaqə saxladım. Özü Bakıya qayıtdıqdan sonra təfərrüatları ilə açıqlama verəcək.

 

- AGF Martinettinin istefasını necə dəyərləndirir?

 

- Bu istefa ilə güləşin 2020-ci il Yay Olimpiya Oyunlarının proqramında qalacağını düşünmək olmaz. Bizim üçün də, güləşçilər üçün də, bütün güləş ictimaiyyəti üçün də ən əsas məsələ güləşin olimpiada proqramında saxlanılmasıdır. Təbii ki, əgər söhbət kiminsə istefasından gedirsə və həmin şəxs istefa verdikdən sonra güləş olimpiada proqramında saxlanılacaqsa, bu, doğrudan da yaxşı hal kimi qiymətləndirilə bilər. Amma təəssüflər olsun ki, belə deyil. Martinettinin istefası ilə güləş bu gün olimpiadadakı yerini hələ də qoruyub saxlaya bilməyib. FİLA Bürosu mükəmməl iş görməlidir ki, güləş olimpiada proqramında saxlanılsın. Mayda Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclasında FİLA-nın Büro üzvləri də iştirak edəcəklər. Həmin toplantıda Büro üzvləri güləşi yüksək səviyyədə təqdim etməlidirlər. Yekun qərar isə sentyabrda Beynəlxalq Olimpiya Komitəsinin Sessiyasında veriləcək. Martinetti İOC prezidenti Jak Rogge ilə də telefon əlaqəsi saxlayıb. Rogge yalnız martın 7-də FİLA nümayəndələrindən biri ilə görüşə biləcəyini deyib. Təbii ki, bu da bizi narahat edir. Çünki martın 7-si uzun vaxtdır. Amma nə etmək olar? Gözləmək lazımdır. Ən əsası, bir daha vurğulayıram ki, bizim üçün bir nömrəli problem güləşin olimpiya növləri sırasında yerini qoruyub saxlamasıdır. Başqa məsələlər – dəyişikliklər, hansısa şəxsin əvəzlənməsi, ola bilər ki, müəyyən effekt versin. Amma ən əsas məsələ - güləşin olimpiada proqramında saxlanılmasıdır. Bu, hələ ki, problem olaraq qalır.

 

- AGF ilə FİLA arasında son illər sıx münasibətlər qurulmuşdu. Martinettinin istefası qarşılıqlı münasibətlərə necə təsir edə bilər?

 

- Azərbaycan - güləş ölkəsidir. Biz layihələrimizi şəxslə yox, FİLA ilə qurmuşuq. Birgə işlərimizi qurumla həyata keçirmişik. FİLA-nın yeni prezidenti kim olsa, onunla da işimizi tam açıq müstəvidə davam etdirəcəyik. Elə FİLA-nın yeni prezident də bütün milli federasiyalarla birgə iş görəcək. Həm də yeni prezident kənardan yox, FİLA-nın Büro üzvləri arasından seçiləcək və əməkdaşlıq sarıdan heç bir sıxıntı yaşamayacağıq.

 

- FİLA-nın baş sponsoru Azərbaycana məxsus “AtaHoldinq” şirkətidir. Yeni prezidentin gəlişindən sonra ali güləş qurumu ilə müqaviləyə yenidən baxıla bilər?

 

- Xeyr. “AtaHoldinq” FİLA ilə 2017-ci ilədək müqavilə bağlayıb. Təbii ki, həm şirkət, həm də FİLA-nın üzərinə müəyyən öhdəliklər düşür. Öhdəliklər tam yerinə yetirilərsə, anlaşma davam etdiriləcək.  

# 1152
avatar

Oxşar yazılar