ŞOK! FİLA-nın Bürosu Rafael Martinettinin istefasını tələb etdi
15 fevral 2013 18:49 (UTC +04:00)

ŞOK! FİLA-nın Bürosu Rafael Martinettinin istefasını tələb etdi

Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) Bürosu qurumun prezidenti Rafael Martinettinin istefası barədə məsələ qaldırıb. Lent.az-ın məlumatına görə, bu barədə Rusiya İdman Güləşi Federasiyasının (FSBR) prezidenti Mixail Mamiaşvili açıqlama verib.

 

O bildirib ki, Martinettiyə fevralın 16-dək vaxt verilib: “Şənbə günü  səhər saat 8-də yenidən iclas keçirəcəyik. Məsələ sərt qoyulub: Güləşi faktiki olaraq, böhran həddinə çatdıran prezident istefa verməlidir. Bu gün biz ondan heç nə eşitmədik. Sabah yekun qərar veriləcək: ya o, postunu tərk edəcək, ya da biz tədbir görəcəyik”.

 

Mamiaşvili bildirib ki, Martinettinin tərəfdarları da, əleyhdarları da var. Amma FSBR-in mövqeyi çox sadədir: “Öz “ordu”sunu itirmiş və onu tam böhran həddinə çatdırmış insan, heç olmasa, gələcək addımlarına dəqiq və aydın müəyyənləşdirməli, nə baş verdiyini tam anlatmalıdır”. 

 

FİLA-nın Bürosunda 22 şəxs yer alıb. Onlardan 1-i Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyevdir. Hazırda Büro iclasında Əliyev də iştirak edir.

 

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi İcraiyyə Komitəsi 2020-ci il Yay Olimpiya Oyunlarının proqramına salınan 25 əsas idman növü arasında güləşin dəstəklənməməsi barədə qərar qəbul edib. Güləş növü mövqeyini qorumaq üçün 7 idman növü – beysbol (softbol), karate, rolikli idman, skvoş, idman qayayadırmanması, veykbordinq və uşu ilə mübarizədən qalib ayrılmalıdır. Bu növlərin təqdimatı mayda İOC İcraiyyə Komitəsinin Rusiyanın Sankt-Peterburq şəhərindəki iclasında olacaq. Yekun qərar isə sentyabrda Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək İOC-un sessiyasında veriləcək.

 

# 738
avatar

Oxşar yazılar