“Uşaqların icbari dispanserizasiyası haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edildi
15 fevral 2013 18:35 (UTC +04:00)

“Uşaqların icbari dispanserizasiyası haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edildi

Bu gün Milli Məclisdə “Uşaqların icbari dispanserizasiyası haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Lent.az-ın məlumatına görə, qanun layihəsi barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.

 

Qanun layihəsində qeyd edilir ki, uşaqların dispanserizasiyası onların sağlamlığının qorunması, normal fiziki inkişafının təmin edilməsi və xəstəliyin ilkin mərhələdə aşkar edilməsi məqsədilə kompleks profilaktika, diaqnostika və müalicə-sağlamlaşdırıcı tədbirlərdən ibarət olan aktiv dinamik müşahidə sistemidir. Uşaqların icbari dispanserizasiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Bu qaydalar  uşaqların yaşı və sağlamlıq vəziyyəti nəzərə alınaraq müəyyən edilir, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, sosial təhlükəli vəziyyətdə olan uşaqların, sağlamlıq imkanları məhdud uşaqların, cəzaçəkmə müəssisələrində olan uşaqların icbari dispanserizasiyasını əhatə edir. Dispanserizasiyadan keçiriləcək uşaqlar həcmi və keyfiyyət standartları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tibbi yardımla təmin olunurlar. Uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən  dövlət nəzarəti təmin edilir. Uşaqların icbari dispanserizasiyası zamanı müayinələrin və baxış keçirəcək ixtisaslı mütəxəssislərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

 

Uşaqların icbari dispanserizasiyasının planlaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanı dispanserizasiyadan keçiriləcək və dispanserizasiyadan keçmiş uşaqların uçotunu aparır. Uşaqların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Xəstə və xəstələnmə riski olan uşaqlara müalicə-sağlamlaşdırıcı tədbirlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir. Uşaqların icbari dispanserizasiyası onların qanuni nümayəndələrinin razılığı ilə aparılır.

 

Dispanserizasiyanın nəticələri əsasında uşaqlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sağlamlıq qrupları üzrə bölüşdürülür. Xəstə və xəstələnmə  riski olan uşaqlar dispanser qeydiyyatına götürülür və müalicə üçün təyinat alırlar, eləcə də hər bir uşaq üçün fərdi sağlamlaşdırma və reabilitasiya proqramı tərtib edilir. İcbari dispanserizasiyanın həyata keçirilməsi müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dispanserizasiya təgvimində müəyyən olunur.

 

Dispanserizasiya tədbirləri təqvimə uyğun olaraq müşahidə ili ərzində Azərbaycan Respublikasının vətəndaşlarını, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri və əcnəbiləri əhatə edir.

 

İcbari dispanserizasiyadan keçmiş uşaqların registri uşaqların sağlamlıq vəziyyəti və müalicə-profilaktika tədbirlərinin səmərəliliyi haqqında tam məlumat almaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır. İcbari dispanserizasiyadan keçmiş  uşaqların registrində uşağın şəxsiyyəti, dispanserizasiyanın nəticələri və sağlamlıq vəziyyəti barədə qısa məlumat, aldığı tibbi yardımlar haqqında göstərişlər qeyd olunur, hər bir uşaq üçün xüsusi kart doldurulur və bu kart ümumi məlumat bankına daxil edilir. Uşaqlara dövlət tibb müəssisələrində icbari dispanser xidmətinin göstərilməsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Dispanserizasiya tədbirlərinin maliyyələşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Dispanserizasiya tədbirləri bələdiyyə və icbari tibbi sığorta vəsaitləri, hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunvericiliklə nəzərdə tutulan digər vəsaitlər hesabına da həyata keçirilə bilər.

 

Dispanserizasiya tədbirlərinə gəlincə, bura uşaqların hər il tibbi baxışdan keçirilməsi (laborator, instrumental və skrininq müayinələr də daxil olmaqla), müasir diaqnostika metodlarından istifadə etməklə ehtiyacı olanların müayinəsinin davam etdirilməsi, uşaqların sağlamlıq vəziyyətinin müəyyən edilməsi və fərdi qaydada qiymətləndirilməsi, sağlam, xəstə və xəstələnmə riski olan uşaqların bir-birindən ayrı müşahidə edilməsi, xəstə və xəstələnmə riski olan uşaqlar arasında müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi, tibbi və sosial tədbirlər kompleksinin hazırlanması və həyata keçirilməsi, habelə uşaqların sağlamlıq vəziyyətinin dinamik müşahidəsi, xəstəliklərin nozoloji formasından asılı olaraq uşaqların dispanser nəzarətinə götürülməsi daxildir. Bu qanunu pozan hüquqi, fiziki və vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

 

Hadi Rəcəbli bildirib ki, bu qanunla dövlət üzərinə çox böyük öhdəliklər götürür və vətəndaşları bir çox ciddi qayğılardan azad edir: “Bu qanun xəstəliklərin erkən aşkarlanmasına, tibbi təchizatın yaxşılaşdırılmasına imkan verəcək. 0-18 yaş qrup, yəni Azərbaycan əhalisinin yarısı bu qanunla əhatə olunacaq”.

 

Millət vəkili Fazil Mustafa dispanserizasiya tədbirlərinin pulsuz olması qanun layihəsində əksini tapmalıdır. Qanun layihəsini dəstəklədiyini söyləyən millət vəkili Elmira Axundova isə nikahlar zamanı tibbi arayışların təqdim olunmasını zəruri saydığını bildirib: “Ən azından tibbi arayış məsələsini Milli Məclisin gündəliyinə daxil edək. Əgər tibbi arayış məsələsi həllini tapsa, uşaqların sağlam dünyaya gəlməsinə nail olacağıq”.

 

Millət vəkili, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov qeyd edib ki, yxın gələcəkdə bu qanunun tətbiq edilməsi lazımdır. Millət vəkili Məlahət İbrahimqızı da qanunu dəstəkləyib.  O, qaçqın və köçkün uşaqların icbari  dispanserizasiyası ilə bağlı qanun layihəsinə bənd salınmasını təklif edib.

 

Millət vəkili Gövhər Baxşəliyeva qanun layihəsində maarifləndirmə işinin görülməsi ilə bağlı məsələnin əksini tapmasını təqdir edib. Onun sözlərinə görə, tək uşaqların yox, bütün əhalinin dispanserizasiyasını təşkil etmək vacibdir: “Hepatit A, hepatit B, bədxassəli şişlərlə bağlı məsələni xüsusi qeyd etmək istəyirəm. Bu xəstəliklər son vaxtlar geniş yayılıb. Qadınlar ildə bir dəfə mamoqrafiyadan, kişilər prostat vəzinin müayinəsindən keçməlidirlər. Digər tərəfdən, anaların doğum evində uşaqdan imtina edilməsi iki amillə bağlıdır. Birincisi, ana xəstə uşağa maddi baxımdan baxa bilməyəcəyini anlayır. Buna görə də xəstə uşaqlarla bağlı müavinətlər artırılmalıdır. İkincisi, xəstə uşaqlardan imtinanın yolverilməz olduğu barədə maarifləndirmə işi genişləndirməlidir ki, valideynlər bu uşaqlardan imtina etməsinlər”.

 

Millət vəkili Hikmət Atayev qanun layihəsində uşaqların müayinəsi ilə bərabər müalicəsinin dövlətin öz üzərinə götürməsinə qarşı çıxıb: “Müayinə özü kifayət qədər böyük xərc tələb edir. Üstəlik, qanun layihəsində dövlətin müalicəni öz üzərinə götürəcəyi yazılıb. Tutaq ki, elə ürək əməliyyatları var ki, 10 min manatdan çox vəsait tələb edir. Müalicəni buradan çıxaraq. Gələcəkdə ayrı-ayrı xəstəliklərin müalicəsi ilə bağlı  qanunlar hazırlana bilər. Çünki söhbət böyük büdcə tutumundan gedir. Əgər müalicəni buradan çıxarsaq, qanun işləyə bilər”.

 

Spiker Oqtay Əsədov isə deyib ki, səhiyyə sahəsində qanunlar pilə-pillə qəbul edilir və icbari tibbi sığorta ilə bağlı qanunvericilik də bu sıradadır. Millət vəkili Qüdrət Həsənquliyev isə 12 ildir ki, icbari tibbi sığorta haqqında qanun qəbul olunsa da, həyata keçirilmədiyini nəzərə çatdırıb: “Əgər icbari tibbi sığorta haqqında qanunun tətbiqi həyata keçirilərsə, vətəndaşlar özəl sığorta qurumların vəsaiti hesabına hər il müayinələrdən keçə bilərlər. Digər tərəfdən, tutaq ki, C virusuna yoluxmuş insana vurulan 1 iynənin qiyməti 200 manatdır, həftədə də 1 dəfə vurulmalıdır. Yəqin ki, qanun layihəsi təqdim ediləndə büdcə tutumu nəzərə alınıb”.

 

Spiker Oqtay Əsədov isə bildirib ki, Azərbaycanda sığorta haqqında qanun qəbul edilib, icbari tibbi sığorta haqqında qanun yox: “İcbari tibbi sığorta haqqında qanun qəbul edilən zaman bu məsələlər orada əksini tapacaq”.

 

Azərbaycanın baş pediatrı Nəsib Quliyev isə bildirib ki, Azərbaycanda bu gün də uşaqların dispanserizasiyası aparılır, ancaq indi söhbət icbari dispanserizasiyadan gedir: “Ancaq qanun layihəsində yazılıb ki, uşaqların dispanserizasiyası üçün valideynlərin razılığı olmalıdır. Bu məqam oradan çıxarılmalıdır. Hər kəsi bu qanun layihəsinə səs verməyə çağırıram”.

 

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

# 1321
avatar

Oxşar yazılar