“Barmağımı tətiyə qoyub Kadırovu nişan aldım” - KURYOZ
12 fevral 2013 13:20 (UTC +04:00)

“Barmağımı tətiyə qoyub Kadırovu nişan aldım” - KURYOZ

Argentinalı futbolçu Çeçenistan prezidentini öldürəcəkmiş

 

Rusiyanın “Terek” klubunun sabiq futbolçusu Ektor Brakamonte Çeçenistan prezidenti Ramzan Kadırovla bağlı maraqlı əhvalat danışıb. Lent.az-ın məlumatına görə, 35 yaşlı hücumçu Qroznı komandasına 2009-cu il iyunun 28-də keçib.

 

Həmin vaxt Çeçenistan paytaxtına gələn kimi argentinalı forvardı Kadırovun iqamətgahına aparıblar. Gerisini Brakamonte belə nəql edir: “Biz hər şeydən, o cümlədən, Səudiyyə Ərəbistanından gətirilmiş və Kadırovun atlarından söhbət etdik. Sonra Ramzan məni “Terek”in əvəzedici heyətinin oyununa baxmağa dəvət etdi. Kadırov “Mersedes”ə oturdu, mən də yanında əyləşdim. Arxada isə mühafizəçi oturmuşdu. Ramzan Şumaxer kimi yerindən sıçradı. Yolun yarısında o, oturacağın altından qiymətli daş-qaşlarla bəzədilmiş nə isə çıxardı. Bu, avtomat idi! Kadırov onu mənə uzatdı. Nə etməli olduğumu bilmədən, barmağımı tətiyə qoydum və Kadırovu nişana aldım. Mühafizəçi cəld avtomatın ağzını yuxarı qaldırdı və dedi: “Heç kimin prezidenti nişan almaq hüququ yoxdur!” Mən isə soruşdum: “Məgər bu, əsl avtomatdır?” Qəşş edən Ramzan avtomatın patronlarla dolu darağını göstərdi. Güllə açılsaydı, o, salamat qalmazdı”,- deyə Brakomente bildirib.

 

Qeyd edək ki, Ektor Brakamonte “Terek”i 2011-ci il avqustun 1-də tərk edib. O, əvvəlcə “Rostov”a, oradan isə Argentinanın “Rosario Sentral” klubuna keçib.

# 1515
avatar

Oxşar yazılar