Azərbaycan Gənclər İttifaqı seçki ilə bağlı layihəyə başlayır
12 fevral 2013 13:09 (UTC +04:00)

Azərbaycan Gənclər İttifaqı seçki ilə bağlı layihəyə başlayır

Azərbaycan Gənclər İttifaqı yerli icraçı tərəfdaş QHT-lər ilə birgə qadın və gənclərə xüsusi diqqət ayırmaqla vətəndaşlara seçici təhsili təklif edəcək. Lent.az-ın məlumatına görə, layihə çərçivəsində yerli dövlət, dairə seçki komissiyası, eləcə də vətəndaş cəmiyyəti ilə tərəfdaşlıq məqsədli müxtəlif görüşlərin keçirilməsi, əməkdaşlıq, bacarıq və iştirakçılıq sahəsində hesabatı tərtib ediləcək. Hesabatda gənclərin və qadınların seçkidə iştirakı vəziyyəti, bu istiqamətdə QHT-lərlə dövlət strukturlarının əməkdaşlığı və seçki maarifləndirilməsinin səviyyəsi öyrəniləcək. Hazırlanmış sənədin nəticələrinə əsaslanaraq layihədə gələcəkdə mövcud problemlər araşdırılacaq, onun həlli istiqamətində təlim, seminar, informasiya forumları və digər maarifləndirmə görüşləri təşkil ediləcək.

 

Layihədə Gəncə üzrə “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi, Mingəçevir üzrə Gənclər üçün Təhsil Mərkəzi, Şəki üzrə “Yaddaş” Maarifçi Gənclər İctimai Birliyi, Lənkəran üzrə “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası, Quba üzrə “Qadın və Uşaqların Sosial İnkişafı” İctimai Birliyi iştirak edəcək.

 

Hazırlanan müxtəlif təlim materiallarında seçki mədəniyyəti, seçkilərdə iştirakın hüquqi aspektləri yer alacaq, eyni zamanda xüsusi bukletlər vasitəsi ilə adları çəkilən regionların gəncləri və qadınları arasında seçkilərdə fəal olmağa və səs verməyə dəvət ediləcəklər.

 

Bütün fəaliyyətlərin sonunda Yekun Milli Konfrans keçiriləcək və orada layihəyə cəlb edilən bütün tərəflərin iştirakı ilə geniş ictimai müzakirələr təşkil olunacaq.

 

Birləşmiş Millətlər Təşkilatı Demokratiya Fondu tərəfindən dəstəklənən layihənin 2014-cü ilin dekabrında başa çatması nəzərdə tutulub.

 

 

# 738
avatar

Oxşar yazılar