Xəstə şairin evi, mərhum aktrisanın ruhu, Kürün körpüsündə intihar – TİFLİS GÜNDƏLİYİ
31 yanvar 2013 12:21 (UTC +04:00)

Xəstə şairin evi, mərhum aktrisanın ruhu, Kürün körpüsündə intihar – TİFLİS GÜNDƏLİYİ

Əvvəli: http://news.lent.az/news/114485

 

O günlərdə gürcü şairi Şota İataşvili ağ ciyər soyuqdəyməsindən xəstə yatırdı. Şota müasir gürcü poeziyasının ən parlaq simalarından biridir. Olduqca arıq, olduqca hündür, gözlərindən tənhalıq yağan bir adamdı. Əlli yaşına az qalıb. Özünə “dünyanın axırıncı romantiki” deyir. Arvadı Mayya Sarişvili də şairədir. Arıqlıqda, hündürlükdə elə ərinə oxşayır. Ağrılı, əzabla dolu üzü var. Onun ağrısı adamı gendən vuran üzünə baxanda Marina Svetayeva barədə oxuduqlarım yadıma düşür.

 

Şotanı Azərbaycan ədəbi mühiti çox yaxşı tanıyır. Dəfələrlə Bakıda olub. Azərbaycanlı şairlərin əksəriyyətini tanıyır. Yazıçılar Birliyinin üzvüdür, deyir, xalq yazıçısı Anar bu bileti mənə qəfildən, suvenir kimi bağışlayıb. 

 

AYO-çuların isə sadəcə dostudu Şota. Seymurla bir yerə düşəndə əsl ədəbiyyat partlaması yaşanır məclisdə. Təpədən-dırnağa qədər ədəbiyyat adamıdı. 

 

Bir gün mərcimək şorbası bişirib, elə qaynar-qaynar Şotaya apardım. Şota gəlişimə, onu yada salmağıma elə sevindi ki, bu sevinci dörd uşağına, şairə yoldaşına, anasına da təsir elədi.

 

Şotanın mənzili haqda bir-iki kəlmə yazmaq istəyirəm. Bu ev ona şair atasından qalıb. Atasının şəkli divarda idi – duruşundan, saçlarının halından argentinalı yazıçı Xulio Kortasara oxşayırmış kişi. Şotanın olduqca sadə, bircə dənə də müasir avadanlığı olmayan mənzili əsl incəsənət muzeyi idi. Divarlar rəsm əsərləri, yaradıcı adamların fotoları, qravürlər, uşaqlarının rəngli karandaşlarla cızma-qara elədiyi şəkillərlə dolu idi. Divarlardakı rəsm əsərlərinə, fotolara baxanda o dəqiqə bilmək olurdu ki, bu ev əsl ziyalı məclislərin, yaradıcı söhbətlərin, qonaqlıqların, vurhavurların şahidi olub. Şotanın bu sadə, köhnə avadanlıqlı evdə yaşayan uşaqlarına baxanda fikirləşdim ki, bu balaca adamlar nə qədər xoşbəxt insan olduqlarının fərqində deyillər. Baba şair, ata şair, ana şair...

 

Şotanın yaşlı anası olduqca qonaqpərvər, gülərüz qadındı. Biz evə girəndən çıxana qədər bizimlə oturdu, çaxır içdi, sağlıq dedi, bizi söhbətə tutdu. Söhbətin yarısında qadının sklerozdan əziyyət çəkdiyi məlum oldu – amma on dəfə sual verib, eyni cavabları alanda, hər dəfə o necə sevinirdi, İlahi!

 

Mərhum aktrisa məndən əl çəkmir

 

Keçmiş ev sahibəsi, mərhum aktrisa Dodo Çiçinadzenin paltar dolabından köhnə fotolar və bir yığın məktub tapıram. Köhnə qəzetlərdə onun ölüm xəbəri çıxıb. Sən demə, aktrisa cəmi üç il əvvəl, 83 yaşında vəfat edib. Şəkillərdə, tamaşalardan, filmlərdən fotokadrlarda o çox cavan, çox gözəl və çox əzəmətlidi. Müxtəlif tədbirlərdən fotolarda onun yanında Arkadi Raykini, keçmiş Gürcüstan prezidenti Zviad Qamsaxurdiyanın şair atası Konatantin Qamsaxurdiyanı görürəm, çoxlu sayda pərəstişkar məktubları, ona gələn təbrik teleqramlarından birində isə Zurab Jvaniyanın imzası var. Köhnə, sarı kağızlarda Dodo Çiçinadzeyə həsr olunmuş şeirləri tapıram:

 

- Taleyinin çarxı geriyə fırlansa belə

sən yenə də polad əllərinlə sənət çələngi hörərdin...

 

Köhnə jurnallarda onun müsahibələrini tapıram. Gürcü dilində olduğu üçün heç nə anlamıram, amma dili bilən kiməsə tərcümə etdirmək barədə düşünürəm.

 

Fotolardan birində o artıq qocalıb, isti geyinib və dama-dama yun şala bürünüb. Dolabda bir az qurdalanandan sonra həmin dama-dama yun şalı da tapıram. Güvələr üstündə iki deşik açsa da, şal tərtəmizdi...

 

Tiflis metrosu

 

Hərdən stansiyaların ardıcıllığını öyrənmək üçün Tiflis metrosuna düşürəm. Dəbdəbə, bərbəzək məsələsində Bakı Metrosuna uduzsa da, bu metroda təmizlik və abadlıq var. Qatarlar təptəzədir. Amma onlar da bizim kimi, metro dilənçilərinin əlində aciz qalıblar. Qaraçılar, dilənçilər burada daha çoxdu. Özü də buradakı qaraçıların hamısı poliqlotdu. Uşaqlı-böyüklü adamdan üç-dörd dildə: rus, gürcü, türk və Azərbaycan dillərində sədəqə istəyirlər. Buradakılar sədəqə verməyən adamlara qarğış da tökürlər.

 

Tiflis metrosunda məni çaşdıran şeylərdən biri də kazino reklamları olur. Fişlər, ruletka, zərlər, ziyafət paltarlı oyunçuları əks etdirən reklam lövhələrinə heyrətlə baxıram. 

 

Tiflis metrosunda kişilərin ayağa qalxıb qadınlara yer verməsi nadir hallarda olur. Amma qocalara çox hörmət eləyirlər. Cütlüklər bizimkilərdən aha sərbəstdi. Onlara fikir verən, qınayıcı nəzərlərlə baxanlar da yoxdu. Öpüşənlər, qucaqlaşanlar, gülüşənlər adətən yeniyetmələr olur. Cavanlıqlarının qocalığını yaşayanlar özlərini təmkinli aparırlar.

 

Dindar gürcülər

 

Tiflis kilsələrinin sayına görə olduqca nadir şəhərlərdəndi. Addımbaşı kilsə, prixod...böyük-kiçik, yeni-qədim, təmirli-təmirsiz, izdihamlı-adamsız...hər cür kilsə var. başını qaldırıb hansı hündürlüyə, təpəyə, dikdirə baxsan, kilsə görürsən. Gecələr kilsə işıqları bütün şəhəri aydınladır.

 

Amma kilsə zənglərinin səsini nadir hallarda və ancaq mərkəzdə eşitmək olur. Şən gürcülərin qışqırtısı, maşınların səsi, şəhərin ümumi uğultusu kilsə zənglərinin səsini batırır.

 

Gürcü dostlarım kilsə tikməyin və dindarlığın burada dəb halını aldığını deyirlər. Tiflisin yaradıcı gəncliyinin də əksər hissəsi dinə, məbədə üstdən aşağı, ironiya ilə baxan əhlikef ateistlərdir. Ən çox da, həmvətənlərinin kilsə görən kimi qarşısında xaç çevirmələrini lağa qoyub gülürlər. Dindarların səmimiliyinə inanmırlar. Bəzən xuliqan suallar verərək, rahiblərlə məzələnirlər də. 

 

Qonaq gələn rəfiqəm və Metexi körpüsünün üstündəki intihar

 

İsmayıllıda rayon camaatı «Çıraq» oteli yandıran gün, Bakıda yaşayan gürcü rəfiqəm Natiya Mikadze mənə qonaq gəlmişdi. Azərbaycanda səhiyyənin pis gündə olduğundan şikayətlənən qız özünü bizim həkimlərə etibar eləmir, buna görə də Tiflisə həkimə gəlmişdi.

 

Natiya həmyerlisi, gürcülərin fəxri Dodo Çiçinadzenin fotolarına baxıb, ona gələn məktubları oxuyandan sonra təklif elədi ki, şəhərə çıxaq. Geyinib, Rustaveliyə düşdük. Ordan küçədə qucaqlaşıb-öpüşən gəncliyə baxa-baxa, Leselidze küçəsinə adladıq. Hava bərk soyuq olsa da, kükürd hamamlarına qədər addımlamağı qərara aldıq. Metexi körpüsünə yaxınlaşanda gördük aləm bir-birinə dəyib. «Meydan» adlanan yerdən keçən insanların yarısı Kürə sarı, yarısı Metexi körpüsünün üstünə  qaçırdı. Başımızı qaldırıb körpüyə baxanda, körpünün dəmirlərindən tutub sallanan kişi gördük. Bir göz qırpımında kişi özünü Kür çayına atdı və suda qərq oldu. Cəmi bir neçə dəqiqədən sonra təcili yardım, xilasedicilər, televiziya, jurnalistlər özünü yetirdi. Bir neçə xilasedici özünü suya atdı. Bir azdan xilasedici kater də peyda oldu. Adamın özünü atdığı yeri ələk-vələk eləyib, intihar edən adamı tapmağa çalışdılar.

 

Axtarış düz bir saat çəkdi...

 

(Ardı olacaq...)

 

# 2730
avatar

Günel Mövlud

Oxşar yazılar