Nazimin rəsmləri, rəssamların Nazimi
28 yanvar 2013 18:52 (UTC +04:00)

Nazimin rəsmləri, rəssamların Nazimi

Dinodan, Arbaşdan, Balabandan

    

Siz o tarı, yetirin piri-xərabata məni,

Ki bu gün saqi əlindən gileyim var mənim...

                   Seyyid

 

Yox, “Bana mutluluğun resmini çize bilirmisin, Abidin?”- misrası hamının əzbərindədir, ondan başlamayacam. “Abidine söylemeli de resmini yapsın ağırsızlığın, sağsızlığın, solsuzluğun, yukarısızlığın, aşağısızlığın; Abidine söylemeli de resmini yapsın Beyazıt meydanında şehit düşenin” - misraları ustada həsr edilmiş bu sərginin simvoluydu. Kadıköy bələdiyyəsinin ustadın adına açdığı möhtəşəm mədəniyyət mərkəzinin ikinci mərtəbəsinə qalxılan yerində dikilmiş paltolu heykəlinin yaratdığı monumentalizm bu misralarla bütünləşir, çoxunu Bursa həbsxanasında çəkdiyi tablolarla ona həsr edilmiş tabloların vəhdətinə sərgiyə sponsorluq edən Yapı ve kredi Bankının ruscadan tərcümə etdiyi sənədli film və kataloq da əlavə edilincə təsirindən uzun müddət çıxıla bilinməyən bir durum insanı əsir alırdı...

 

3 rəssama şeir həsr edib. Üçü də dünyada məşhur olub.

 

Abidin Dino yaşca ona ən yaxını olduğu kimi, Dino ilə Parisdə tez-tez görüşmək imkanı da əldə edib. Dinoya şeirlərindən ünvanladığı suallara Türk rəsm sənətinin böyük ustası bəzən tablolarıyla, bəzən də misralarıyla cavab verib. 1993-də 80 yaşında Parisdə öldü, İstanbul aeroportunun VİP salonuna gətiriləndə təsadüfən ordaydım, Türk mətbuatı Dinoya həm öz sənətinə, həm də Nazim Hikmətin şeirlərində adı çəkildiyinə görə, yaxın ilgi göstərmişdi. 2007-ci ildə prezident Ahmet Necdet Sezerin Güzin Dinonu Parisdəki evində ziyarət etdiyini xatırlayır və son 5 ildə Türkiyədə sənətə düşmənçiliyin ağıl almaz səviyyələrə çatdığına çox üzülürəm...

 

Ömrünün son 10 ilində Avni Arbaşı dəfələrlə görmüşdüm. Bəyoğlunun məşhur Asmalı məscid küçəsindəki emalatxanasına əlində əsasıyla gəlib-gedərkən əsalətinə  duyduğum qibtəni gizlədə bilmirdim...

 

Tablosu ən çox satılan Türk rəssamlarından biri olan Orhan Taylan lap çoxdan mənim ofisimə  gəlmişdi; yanında bir qadın da vardı. Roma incəsənət akademiyasını bitirən Orhan abi mənim üçün dünyanın ən centlmen adamlarından biridir; yanındakı qadına  sənət materialları lazım olduğunu deyəndə qadının rəsm çəkdiyini anladım; Avni bəy qədər əsalətli və kübar olan Gülər Əmiroğluyla daha sonra yaxın dostluğumuz oldu. Günün birində Orhan abi sirri-xudanı açdı:

 

- Yahu, Mayis! Bu qadın Avni Arbaşın sevgilisi olub, rəsm çəkməyi öyrənmək istəyib, ancaq nə illah edibsə, Avni bəy onu emalatxanasına girməyə qoymayıb. İndi ona inad olsun deyə, gəlib düz Avni Arbaşın emalatxanasının yanında özünə yer kirayələyib, gecə-gündüz tablo çəkir...

 

Hay Allahım-ya Rəbbim. Bu sənət dünyası “dəlilərlə” dolub-daşmasaydı, dünyanın statikliyini kim pozar, öz oxu ətrafında dönməsi üçün yer kürəsinə dinamizm verə  bilərdi ki?

 

Bu atlar Avninin atları

Kuvayi Milliyye atları

Titrer burun kanatları

Bana Avninin atlarına

Binmek nasip olmasa gerek

Ama Memet binecek

Gelecek düşmanla topuz topuza!

Gülüm, Kuvayi Milliyye atları

Gözüm, Kuvayi Milliyye atları

Memleketi satanları bağlasınlar,

Kuyruğunuza...

 

Və əlbəttə ki, İbrahim Balaban.

 

Rəsm çəkməyi Bursa həbsxanasında 7 il bir yerdə yatdığı Nazimdən öyrənib. Həbsxanada Nazim ən çox sevgilisi Pirayənin portretlərini çəkib; Nazim Hikmət Kültür mərkəzində açılan sərgidə Nazimin həbsxanalarda çəkdiyi Pirayə portretləri və fəhlə sinfinə həsr etdiyi eskizlər nümayiş etdirilir. Sərginin başlanğıcındakı yer isə haqlı olaraq İbrahim Balabanın tablosuna ayrılıb; zira Nazimlə 7 il Bursa həbsxanasında yatan Balaban, ona sadəcə yüzlərlə tablo həsr etməyib, həm də Nazım Hikmətlə keçirdiyi günlərə dair 7 kitabın müəllifidir. “Sənətimi də, həyatdakı duruşumu da Nazimə borcluyam” - deyən İbrahim Balaban vəfa abidəsi bir insandır.

 

İşte seyreyle gözüm hünerini Balabanın

İşte şafak vakti, mayıs ayındayız.

İşte aydınlık:

akıllı, cesur, taze, diri,insafsız

İşte bulut

kaymak gibi lüle-lüle...

 

Bu şeirin həsr edildiyi zat onun müəllifini necə xəyal qırıqlığına uğrada bilər? Əşyanın təbiətinə zidd olardı...

 

92 yaşlı buz baltası, “olduğu kimi görünən və göründüyü kimi olan”, olduğu ortamda ətrafına işıq saçan bir aydın. Bir gün evində çay içərkən TV-də Van Universitetinin “antikvar əsər qaçaqçılığına görə” həbs edilən rektorunu  göstərirdilər. Rektor ağlayıb-sızlayır, bayılıb özündən gedirdi.

 

“Yahu, buna bax, həm də rektor olub. Məni tək adamlıq hücrəyə salırdılar, nəfəs almağa iynənin ucu boyda yer yox idi, jandarma hər gün yastığımı guya çırpmaq bəhanəsiylə alırdı, mən nəfəs almağa fürsət axtararkən jandarma yastığı düz nəfəsliyin ağzında durmadan çırpırdı ki, yastığın tozuyla birlikdə qıraqdakı toz da hücrəmə dolsun. O əzab-işgəncəyə baxmayaraq jandarma nəfəsliyi bağlayıb gedən kimi nəfəs alına bilməyən bir yerdə çalışmağa davam edirdim. Bu adam necə rektor olub, bunun heç şəxsiyyəti yoxdurmu bu cür ağlayıb-sızlayır?”

 

“Nazim həbsxanada deyirdi ki, burdan çıxan kimi bunlara (ölkəni idarə edənlərə) elə şeirlər yazacam ki, tavada yanan balıq kimi qıvrılacaqlar”.

 

Bütün kitablarını mənə bu sözlərlə imzalayıb: “Azerbaycandan kardeşim Mayis Alizade gelip beni buldu. Hoş gelip safalar getirdi”...

 

36 Türk rəssamının Nazim Hikmətə həsr etdiyi tablo nümayiş etdirilir. Moskva televiziyasının çəkdiyi sənədli filmə 2002-ci ildə Yapı ve kredi bankının mədəniyyət idarəsi bəzi əlavələr edərək( məsələn, aktrisa sevgilisi Semiha Berksoy Nazim barədə xatirələrini danışır) bu sərginin tamaşaçılarına təqdim edib. Dəfnindəki fotolarda Azərbaycanda Mikayıl Rəfiliylə birlikdə ən yaxın dostu olmuş Rəsul Rzanı görüncə ətrafıma qürurla nəzər salıram; sərgiyə gələnlər Nazimi anlayaraq sevən insanlardır, Rəsul Rzayla dostluğundan bir neçə kəlmə deyəndə ətrafımda maraq və rəğbət oyandığını müşahidə edirəm...

 

Bir neçə il əvvəl Əlibəy Hüseynzadənin oğlu Səlim Turanın “Nazımın portresi” adlı tablosunun 25 min dollara satıldığını APA-da yazmışdıq, indi gözüm Səlim bəyin tablosunu axtarır. Yapı ve kredi bankının mədəniyyət idarəsində çox gözəl işlərə imza atan Veysəldən soruşuram:

 

- Səlim bəyin tablosu kataloqda var - deyir.

- Mehmet Güleryüzün də əsərini görə bilmədim.

- Kiçik bir eskizdir, onu da divara asmayıb kataloqa daxil etdik.

 

Kadıköy bələdiyyəsinin Caddəbostan səmtində tikdiyi Nazim Hikmət mədəniyyət mərkəzinin qapısından çıxana qədər gözüm ustadın paltolu heykəlində qalır, Andrey Voznesenskinin “1969-un qışı” adlı poemasında təsvir etdiyi mənzərəni unuda bilmirəm: deyəsən, Nazimin son qışı olub - 1962-nin dekabrı. Moskvada bir evdən ziyafətdən çıxanda Nazimin paltosu yox imiş, soyuqdan qorunmaq üçün 2 qəzeti pencəyinin altından  sinəsinin üstünə qoyaraq yaxasını düymələyib...

 

Bağdad caddəsinə qədər bir neçə dəfə dönüb mədəniyyət mərkəzinə baxır, yerli özünü idarə orqanlarının nələrə qadir olduğunu bir daha əyani şəkildə görürəm...

 

Avqustda Ataol Bəhramoğlu, Minə Kırıkkanat, Oktay Əkinçi və b. dostlarla ağır əməliyyatdan sağ-salamat çıxan Ataol abinin həyata dönüşünü qeyd etmişdik. Çağdaş Türk şeirinin böyük ustası acı bir etirafda bulunaraq “Türkiyədə dövlət öz aydınını məhv etdi” - demişdi...

 

Bağdad caddəsindən Kadıköy limanına qədər bu acı etirafın sarsıntısı içində addımlamışam...

Düz tapdınız, həmin limana:

 

“Vuraydın kendini Kadıköy iskelesine

Vapura binirken Memetle annesi”.

 

Sərgidəki tablolardan biri elə bu mövzudaydı: Moskvanın qarında addımlayan Nazimin fikri Kadıköy limanında qalmışdı...

 

Mayis Əlizadə,

İstanbul

 

# 1479
avatar

Mais Əlizadə

Oxşar yazılar