Abbas Abbasov niyə “AzərRos”un prezidenti ola bilmədi?
26 yanvar 2013 14:05 (UTC +04:00)

Abbas Abbasov niyə “AzərRos”un prezidenti ola bilmədi?

Bir müddət əvvəl “AzərRos”un keçmiş prezidenti Söyün Sadıqov bu təşkilatdan istefa verəcəyini açıqladı. O, səbəb kimi yeni partiya yaradacağını bildirdi. S. Sadıqov belə bir təlimatı Rusiya prezidenti Vladimir Putindən aldığını da gizlətmədi.

 

Həmin vaxt Rusiya yeni yaradılmış və bu ölkədə yaşayıb varlanan tanınmış azərbaycanlı biznesmenlərin toplaşdığı Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATİ) təmsilçisi kimi Abbas Abbasovun həm də “AzərRos”un prezidentliyə namizədliyi təklifi səsləndi. Hətta Söyün Sadıqov APA-ya açıqlamasında bu namizədi Rusiya prezidenti Vladimir Putinlə də müzakirə etdiyini demişdi. Rusiya prezidentinin razılığını alan S. Sadıqov təşkilatın V qurultayını keçiriləcəyi anonsunu da həmin açıqlamada vermişdi.

 

Qurultay dünən Moskvanın “Prezident” otelində baş tutdu. Onu da qeyd edim ki, bu otel Rusiya Prezident Admisintrasiyasının balansında olan oteldir. Dörd saata yaxın davam edən qurultay mübahisələrlə yadda qaldı. Belə ki, qurultayın gedişində “AzərRos” və digər diaspor təşkilatlarının nümayəndələri Söyün Sadıqovu erməni diasporu ilə birgə tədbir keçirdiyi üçün qınadılar. Moskva Azərbaycan Cəmiyyətinin sədri Oqtay Hüseynov ermənilərlə birgə tədbir keçirməyin yalnış olduğunu söylədi. O, S. Sadıqovu sərt tənqid etdi: “Ermənilər bizim 20 faiz torpaqlarımızı işğal ediblər. Siz də deyirsiz ki, gəlin dost olaq”. Bu kimi ittihamlarla digər diaspor təşkilatının nümayəndələri də çıxış etdilər.

 

Daha sonra qurultayda təşkilatın Nizamnaməsinə dəyişikliklər müzakirə olundu. Bu zaman yenə mübahisə yarandı. Mübahisəyə səbəb S. Sadıqovun qurumun prezidenti vəzifəsinin ləğv edilməsi, onun yerinə direktor vəzifəsinin yaradılması təklifi oldu. Təşkilat nümayəndələri bu təklifi qəbul etmədilər. Səbəb kimi “direktor” vəzifəsinin təşkilata aid olmadığını, bu vəzifənin hər hansı müəsəssisəyə aid olduğunu göstərdilər. Hər halda çıxışlarda səsləndirdikləri arqument məhz bu idi…

 

Bundan sonra S. Sadıqovun digər təklifi Ağsaqqallar Şurasının yaradılması ilə bağlı oldu və həmin təklif qəbul edildi. Əgər bu təklif qəbul olunmasaydı, onda “AzərRos”da Abbas Abbasovun yüksək və idarəedici vəzifə tutması mümkün olmayacaqdı.

 

Çünki Abbas Abbasov Azərbaycan Respublikası vətəndaşıdır. Rusiya qanunvericiliyinə görə, ölkə vətəndaşı olmayan şəxs ictimai qurumun prezidenti vəzifəsini tuta bilməz. Lakin bu vəzifə direktor adlandırılırsa, artıq icraedici olur və Rusiya vətəndaşı olmayan şəxsin də həmin vəzifəyə seçilməsi mümkündür. Bu isə S. Sadıqovun Nizamnamə dəyişikliyi üçün prezident postunun direktor vəzifəsi ilə dəyişdirilməsi barədə təklifinin mahiyyətini izah edir.

 

Əvvəlcə seçki bülletenlərində “AzərRos” prezidentliyinə iki şəxsin namizədliyi yazılmışdı. Bunlar Abbas Abbasov və “AzərRos” FMMM-in Moskva vilayəti üzrə bölmə rəhbəri Qalib Ağayev idilər. Lakin qurultayın gedişində S. Sadıqovun “direktor” vəzifəsinin yaradılması təklifinin qəbul olunmaması sonda qurumun rəhbərliyinin yeni yaradılan Ağsaqqallar Şurası adlanan instituta həvalə edilməsi ilə nəticələndi. Ağsaqqallar Şurasının tərkibinə Rusiya Azərbaycan Təşkilatları İttifaqınnın Koordinasiya Şurasının üzvləri olan Rüstəm İbrahimbəyov və Natiq Ağamirov da daxil oldular.

 

Qurultayda fasilə elan olundu. Bu zaman təşkilatın prezidenti vəzifəsinə kimin namizədliyinin irəli sürülməsi məsələsi müzakirə olundu. Rüstəm İbrahimbəyov, Natiq Ağamirov, Abbas Abbasov və Söyün Sadıqov təşkilatın prezidentliyinə RATİ-nin KŞ-nın digər üzvü Asif Məhərrəmovun nazmidəliyini irəli sürdülər. Onların bu təklifi “AzərRos”un bır sıra üzvlərini qıcıqlandırdı. Təşkilata illərini verdiklərini söyləyən təşkilat üzvləri kənardan gələn bir şəxsin quruma prezident olmasına razı olmaq istəmirdilər. A. Abbasov “AzərRos”un narazı üzvlərini sakitləşdirərək təşkilatda hər kəsin öz vəzifəsində qalacağını, bu təşkilatı yaradanlarla işləməyə davam edəcəyini söylədi.

 

Fasilədən sonra qurultay öz işinə davam elədi. Abbas Abbasov Ağsaqqallar Şurasının sədri kimi RATİ üzvü Asif Məhərrəmovun “AzərRos” prezidentliyinə namizədliyini irəli sürdü. A. Məhərrəmov təşkilatın prezidenti seçildi…

 

 

# 4903
avatar

Fərid Əkbərov

Oxşar yazılar