Hamam “festivalı”, kasıb bazarlar, xəstə şairlərin şərab nisgili – TİFLİS GÜNDƏLİYİ
24 yanvar 2013 17:05 (UTC +04:00)

Hamam “festivalı”, kasıb bazarlar, xəstə şairlərin şərab nisgili – TİFLİS GÜNDƏLİYİ

əvvəli: http://news.lent.az/news/113883

 

Puşkin və mən – biz dünyada Tiflis hamamlarından gözəl heç nə görmədik

 

Bakıdan gələn gənclərlə kükürdlü Tiflis hamamlarına tərəf gedirik. Tiflis hamamlarının əksəriyyəti və ən gəliş-gedişlisi Kür sahilində, mərkəzi Leselidze küçəsinin axırında yerləşir. Buradakı hamamlar bəziləri əsaslı təmiri, rahatlığı ilə gəl-gəl deyir. Bəziləri isə içərisindəki can dərmanı kükürdlü suyu urvatdan salacaq dərəcədə təmirsiz, köhnə və çirklidir. Maraqlıdır ki, rus şairi A.S.Puşkinin məşhur «Mən dünyada Tiflis hamamlarından gözəl heç nə görmədim» sözləri məhz ən qədim, ən çirkli və ən təmirsiz hamamın fasadına həkk olunub.

 

Bir qayda olaraq, bütün hamamlarda qadın hamamçıların biri və ya bir neçəsi, kişi kisəçilərin biri və ya bir neçəsi azərbaycanlı olur. Bu azərbaycanlılar hamama gələn azərbaycanlı müştərilərlə tez dil tapır, söhbətləşməyə can atır və bir qayda olaraq, axırda xahiş eləyirlər ki, onlardan məşhur teleaparıcı, sənətşünaslıq elmləri doktoru və nəhayət, onların daimi müştərisi olan bir həmyerlimizə salam çatdırsın.  

 

Tiflis hamamlarında kişi və qadınların bir yerdə, ya ikilikdə, ya da qrup şəklində otaq tutub yuyunmaları normal qarşılanır. Təbii ki, burda söhbət məhz hamamda yuyunmaqdan gedir. Şən gürcülər, kükürdlü suya dəvə nalbəndə baxan kimi baxan turistlər qadınlı-kişili, çimərlik paltarlarını geyinib, hovuzlara doluşurlar. 

 

Mərhum aktrisanın xatirələri

 

Aradan bir neçə gün keçir. Dodo Çiçinadzenin evindəki kəsif qoxu yavaş-yavaş dağılır. Bir az çöl havası, bir az insan nəfəsi, bir az yemək qoxusu – hamısı birləşib, o kəskin, xoşagəlməz, köhnə qoxunun öhdəsindən gəlməyə başlayırlar. Hər gün evdə yeni, maraqlı bir əşya, kitab, tərifnamə, rəsm əsəri kəşf eləyirəm. Elə bil, incəsənət muzeyinə düşmüşəm. Bir axşamüstü ev telefonu zəng çalır. Başqa heç kimdən, özü də ev telefonuna zəng gözləmədiyimdən, ev sahibəsinin məni axtardığını düşünürəm. Amma dəstəyin o başından kişi səsi gəlir. Buranın aktrisa Çiçinadzenin evi olub-olmadığını soruşur. Kim olduğumla maraqlanır. Sonra qonşunu telefona çağırır. Hansı qonşunu, soruşuram.

 

- Onu, Dodo xəstə olanda ona qulluq eləyən yaşlı qadını istəyirəm – deyir.

 

Darecanı axtarır. O isə işdədir. Bu yaşda qadının harda işlədiyini bilmirəm, soruşmağa nə maraq, nə də cəsarətim çatmır. Amma kişinin əlaqə nömrəsini götürüb, deyirəm ki, özünə çatdıraram, sizinlə əlaqə saxlayar. Təsadüfi zəngin sayəsində ev sahibləri ilə bağlı, mənə heç vaxt lazım olmayacaq nə qədər məlumat öyrənirəm.

 

Bir kilo mandarin və Çexov

 

Səhəri bazarlıq eləmək üçün şəhərə çıxıram. Həm ucuzluğuna, həm də daha izdihamlı bir yer görmək istədiyimə görə bazara yollanıram. Tiflis metrosunun «Didube» stansiyasının çıxışında yerləşən bazara gedirəm. Bakı bazarları ilə müqayisədə bura olduqca kasıb, boz, ölgün görünür. Satıcıların üst-başı kasıb, qarşılarındakı meyvə-tərəvəz, göyərti, balıq, ət, toyuq öz ilkin təravətini itirmiş görünür. Elə satıcıların müştəri çağırmağı da bizdəki kimi canfəşanlıqla dolu deyil. Bəzi piştaxtaların yanında heç satıcını tapmırsan da – iki dəqiqə müştəri olmamasından istifadə edib, hansısa həmkarı ilə çaxır vurmağa gedib. Təbii ki, bütün bunlarla yanaşı, qiymət fərqi də böyükdür. Adamı heyrətə gətirəcək dərəcədə ucuzluqdu.

 

Bazarda diqqətimi bir neçə şey cəlb edir. Bakı bazarlarında heç vaxt görmədiyim ütülmüş donuz başları, çəllək-çəllək satılan müxtəlif rəng və növlü çaxırlar, bir də....kitab! Bəli, kitab. Sonradan, başqa bazarlara baş çəkəndə də, orada mandarinin, balığın yanında kitab satılmasının sıradan bir şey olmasını öyrəndim. Bu bazarlarda eyni satıcıdan bir kilo mandarin və Çexovun seçilmiş əsərlərini almaq mümkündür. Satıcının birindən:

 

- Bazara kitab çıxartmaq bir az naqolay iş deyil? – deyə soruşanda, cavabı heç gecikmədi:

 

- Bazara gələn kitab oxuyandısa, yox... - dedi.

 

Burada yaşadığım təxminən iki ay müddətində mən kitabı bu şəhərin hər yerində gördüm. Metro girişlərində, keçidlərdə, xiyabanlarda, tinlərdə, mərkəzi küçələrdə.

Amma gözümün kəlləmə çıxdığı an, böyük supermarketlərin birində kitab bölməsinin olması idi.

 

Xəstə gürcü şairlər

 

Aradan daha bir neçə gün keçir və Tiflisdə olduğumu eşidən gürcü şair Şalva Bakuradze qonaq gəlir. Şalvanın qırx yaşı olsa da, hündür boyu, yaraşıqlı, təravətli üzü, şuxluğu onu çox gənc göstərir. Olduqca müsbət enerjisi var. Bəlkə də dünyanın ən insancanlı və sevgi dolu şairidi. Onu tanıyandan bəri Şalvanın ilk dəfə gördüyü adamı qucaqlayıb, bağrına basmağının adi hal olduğunu bilmişəm. Gürcüstanın əksər yaradıcı adamları kimi, Şalva da prezidentlik müddəti bitməkdə olan Saakaşvilinin qatı düşmənlərindən biridir. Bütün ümidlərini hazırkı baş nazir Bidzina İvanişviliyə bağlayıb. Gürcü şərabından vurub, gürcü şairlərdən danışırıq. Məlum olur ki, bu il gürcü poeziyası üçün çox pis gəlib. Şəxsən tanıdığım, şeirlərini Azərbaycan dilinə tərcümə etdiyim iki şair - Zviad Ratiani və Şota İataşvili bərk xəstələniblər. Şalva deyir ki, təsəvvür elə, xəstəlikləri elə ağırdı ki, hətta şərab içə bilmirlər. Gürcü şairi şərab içə bilməyəcək qədər xəstələnibsə, bu, doğrudan da ağır xəstəlik olmalıdır. Bunu nəzərə alıb, sabah Şotaya baş çəkməyi düşünürəm. Şalva sabah məni onun evinə aparacağına söz verir...     

 

Ardı olacaq...

 

# 2513
avatar

Günel Mövlud

Oxşar yazılar