Pakistandan mesaj: “Siz bizə qardaşdan da artıqsınız...” - REPORTAJ
23 yanvar 2013 16:38 (UTC +04:00)

Pakistandan mesaj: “Siz bizə qardaşdan da artıqsınız...” - REPORTAJ

…Mərasim axşam saat 7-yə təyin olunmuşdu. İslamabadın, daha dəqiqi, Pakistanın ən dəbdəbəli otellərindən olan “Serena otel”də baş tutacaq tədbirə yarım saat əvvəl gəlib çıxdıq. Səbəbi başadüşüləndir, əslində. Pakistanın dövlət və hökumət nümayəndələri, parlament üzvləri, çoxsaylı jurnalistlər, Pakistanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçilərinin iştirakı ilə keçiriləcək mərasimdə təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə görülmüşdü. Xüsusi yoxlama da xeyli vaxt aparırdı.

 

Saat 7-dən etibarən dəvətli qonaqlar bir-bir zala daxil olmağa başladı. Bir azdan Pakistan Qadın Könüllülər Təşkilatı və “Deyli Tayms” qəzetinin təşkilatçılığı ilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Pakistanda “İlin adamı” ödülünə layiq görülməsi ilə bağlı mərasim başlayacaqdı. Adı çəkilən iki qurum, Pakistanın və Mərkəzi Asiyanın ən böyük qadın təşkilatı və ölkənin ən böyük qəzeti Mehriban Əliyevanı “Humanizm simvolu - 2012-ci ilin adamı” seçmişdi…

 

Qonaqların arasında Pakistan Milli Assambleyasının sədri vəzifəsini icra edən Fəsəl Kərim Kundi, Senatın sədr müavini Sabir Bəluc, Milli Assambleyanın humanitar işlər üzrə komitəsinin sədri, nazir Rubina Saadat Kaimxani, Senatın məlumat və yayım komitəsinin sədri Hacı Qulam Əli, Senatın müdafiə və müdafiə sənayesi komitəsinin sədri Müşahid Hüseyn, Senatın xarici əlaqələr komitəsinin sədri Hacı Mohammad Adil, Senatın intizam komitəsinin sədri Seyid Məshədi, Senatın daxili işlər komitəsinin sədri Məhəmməd Talha Mahmud, senator Osman Seyfulla Xan, İslamabad şəhəri icra hakimiyyətinin başçısı Tarik Pirzada, Pakistanın sabiq daxili işlər naziri, senator Vasim Xan, Milli Assambleyanın deputatı Humayun Seyfulla Xan, İslamabad Sənaye və Ticarət Palatasının sədri Zəfər Bəxtəvəri, digər dövlət və hökumət adamları, jurnalistlər, tanınmış ziyalılar, nüfuzlu universitetlərin rektorları vardı.

 

Mərasimi giriş sözü ilə Qadın Könüllülər Təşkilatının sədri Samina Şah açdı. Samina xanım Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda həyata keçirilmiş humanitar layihələr haqqında geniş məlumat verdi. O, bildirdi ki, Mehriban xanım Əliyevanın dəstəyi ilə Pakistanın zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində qızlar məktəbi tikilib (Yeri gəlmişkən, həmin məktəbdən geniş reportaj təqdim edəcəyik - S.M). Ötən ilin sentyabrında isə həmin məktəb əsaslı təmir edilib, yenidənqurma işləri aparılıb və şagirdlərin ixtiyarına verilib. Yalnız qızların təhsil aldığı bu məktəb Pakistanın ən yaxşı məktəblərindən sayılır.

 

Bundan başqa, Fond tərəfindən Pakistanda silsilə humanitar yardımlar proqramı həyata keçirilib. Məsələn, “Edhi Home” kimsəsizlər evində sığınacaq tapan uşaqlar müayinə edilib və hepatit B virusuna qarşı peyvənd aparılıb. Pişəvər şəhərində “Akbar Care” Serebral Paraliç İnstitutunda, həmçinin Xeybər Paxtunxva əyalətinin Laki Marvat şəhərinin qadınlar və uşaqlar xəstəxanasında imkansızlar üçün pulsuz müayinə təşkil edilib. Və bu, yerli əhali tərəfindən rəğbətlə qarşılanıb.

 

Fond İslamabad şəhərinin “Kulsum İnternational” klinikasında açıq ürək əməliyyatlarını da maliyyələşdirib. Həmzə Fonduna (Peşavar) müasir qanköçürmə avadanlığı və laboratoriya ilə təchiz edilmiş təcili tibbi yardım avtomobili və 2000 ədəd qanköçürmə paketi hədiyyə edilib. Həmin aksiyada Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov və əməkdaşlar da qan veriblər. Fond tərəfindən Xeybər Göz Fondunun yeni binasının inşası üçün maddi yardım göstərilib.

 

Samina xanım bir maraqlı məqamı da xüsusi qeyd etdi. O, bildirdi ki, Fond tərəfindən Pakistanın bütün əyalətlərində Ramazan ayında iftar süfrələri təşkil edilib. Habelə, Qurban bayramında Lakki Marvat bölgəsində və Pəncab əyalətində qurbanlıqlar kəsilib, kasıb ailələrə paylanıb.

 

Samina Şah bildirdi ki, məhz bu və digər məqamları görə, “Daily Times” qəzeti və Qadın Könüllülər Təşkilatı Mehriban xanımı “Humanizm simvolu – 2012-ci ilin adamı elan etmək qərarına gəlib.

 

Sonra söz Pakistan Milli Assambleyasının sədri vəzifəsini icra edən Fəsəl Kərim Kundiyə verildi. Pakistan dövlətinin adından çıxış edən cənab Kundi bildirdi ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Pakistandakı fəaliyyəti ölkələrimiz arasında dostluq münasibətlərin əyani göstəricisidir. O, Mehriban Əliyevanın uşaq və qadınların problemlərinin həlli ilə yaxından məşğul olmasının Pakistanın böyük qızı Benazir Bhuttonun ideyaları ilə üst-üstə düşdüyünü xüsusi qeyd etdi.

 

F.K.Kundi Pakistan ilə Azərbaycan arasında inkişafda olan qardaşlıq əlaqələrindən danışaraq, bu münasibətlərin həyatın bütün sahələrini əhatə etdiyini qeyd etdi.

Pakistanda hökumətin sosial problemlərin həlli istiqamətində atdığı addımlardan, humanitar, səhiyyə və təhsilin inkişafına yönəltdiyi diqqətdən danışan Fəsəl Kərim Kundi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində keçirilən humanitar tədbirlərin iki xalq arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirdiyini vurğuladı.

 

Bundan sonra səhnəyə uşaqlar çıxdı. Pakistan mili rəqslərini ifa edən uşaqların çıxışı mərasim iştirakçıları tərəfindən alqışlarla qarşılandı.

 

Azərbaycan səfiri Daşqın Şikarov uşaqlara səfirlik tərəfindən hədiyyə təqdim etdi.

 

Mərasimdə maraq doğuran məqamlardan biri də Azərbaycan dövlətinin Pakistandakı nüfuzu oldu. Məsələn, məlum oldu ki, burda iştirak edən qonaqların əksəriyyəti bu tip tədbirlərə adətən qatılmırlar, ya ən yaxşı halda öz əməkdaşlarını, köməkçilərini göndərirlər. Pərviz Müşərrəfin dönəmində Pakistanın daxili işlər naziri olmuş senator Vasim Xan Lent.az-ın müxbiri ilə söhbətində bildirdi ki, Pakistan indiyədək dünyanın iki dövlətini tanımayıb və diplomatik münasibətlər qurmayıb: Fələstin probleminə görə İsraillə və Qarabağın işğalına görə Ermənistanla: “Biz Azərbaycanla qonşu olmasaq da, qonşudan da yaxınıq, dostuq. Ərazi və əhalisinə görə Pakistandan çox kiçik olan Azərbaycanın Pakistanda bu qədər iş görməsinə sadəcə söz tapa bilmirəm. Pakistan sizin vətəninizdir. Bunu tam səmimi deyirəm. Bizim də əlimizdən nə gəlir, sizi Qarabağ məsələsində həmişə dəstəkləyəcəyik. Bu cür xeyriyyə tədbirlərini isə heç qardaş da eləməz. Siz, bizə qardaşdan da artıqsınız”. (Cənab Vasim Xanla geniş və çox maraqlı müsahibəni də təqdim edəcəyik).

 

Nəhayət, mərasimin əsas məqamı yetişdi. Səhnəyə çıxan Fəsəl Kərim Kundi –əslində o, tutduğu statusa görə, hazırda Pakistan dövlətinin ikinci adamıdır - Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təltif olunduğu “Humanizm simvolu - 2012-ci ilin adamı” mükafatını Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarova təqdim etdi.

 

Səfir Daşqın Şikarov “Daily Times” qəzetinin və Qadın Könüllülər Təşkilatının rəhbərliyinə və üzvlərinə təşkil olunmuş tədbir və Azərbaycanın birinci xanımını yüksək mükafatla təltif etdikləri üçün minnətdarlığını bildirdi.

 

Diplomat qeyd etdi ki, bu mükafatın Pakistan parlamentinin sədri vəzifəsini icra edən şəxs tərəfindən təqdim olunması faktı xüsusi önəm kəsb edir.

 

Sonra qonaqlara ziyafət verildi.

 

Onu da qeyd edək ki, mərasimi işıqlandıranlar arasında Pakistanın və dünyanın mətbuat orqanları - “Pakistan Observer”, “The News”, “Daily Times” və “The Nation”, “DNA News”, “Centreline”, həmçinin PTV, DRY News, Vakt TV, CNBC, TGRT, Anadolu agentliyi ilə yanaşı, APA Holdinqin də əməkdaşı vardı.

 

Səbuhi Məmmədli,

İslamabad

# 1465
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar