Lent.az-ın əməkdaşı Pakistandan yazır: “Gülümsəyən, ibadət edən, terrordan qorxan nüvə ölkəsi...” - REPORTAJ
22 yanvar 2013 18:20 (UTC +04:00)

Lent.az-ın əməkdaşı Pakistandan yazır: “Gülümsəyən, ibadət edən, terrordan qorxan nüvə ölkəsi...” - REPORTAJ

Nüvə silahı olan yeganə islam dövlətinin paytaxtına Bakı-Dubay-İslamabad reysi ilə gəlib çıxa bildik. Gecə saat 2 radələrində Pakistanın gəlib-getmiş ən böyük siyasi xadimlərindən biri olan Benəzir Bhuttonın adını daşıyan aeroportda pasport yoxlamasından keçməkdə də çətinlik çəkmədik. Gülümsəyərək pasportumdakı vizaya ani diqqətlə baxmaq kifayət etdi ki, ingiliscə bir «velkom» deyib, əli ilə yolu göstərsin.

 

***

 

Pakistan boyda dövlət üçün o qədər də böyük aeroport deyil. Həm də çirkli, soyuqdur. Bu soyuqluğa bir qədər soyuqluq gətirən isə nəinki aeroportun içində, ümumiyyətlə, həndəvərində, çıxışından sonra belə demək olar ki, hər iki-üç kilometrdən bir duran əli avtomatlılardır.

 

Pasport yoxlayan məmurun gülümsəməsi həm də pasportumda Azərbaycan Respublikası yazılması idi bəlkə. Hə, burda Azərbaycanı sevirlər. Mübaliğəsiz-zadsız, elədir. Həm bir müsəlman dövləti kimi, həm də Pakistanın dərdinə şərik olan, onu bölüşməyi bacaran sadiq müttəfiq kimi.

 

Aeroportdan qaldığım oteləcən olan təxminən 20-25 kilometr yolda məni aparan sürücü ingiliscə bir neçə sual verdi. Amma onlardan vur-tut birini başa düşə bildim. Sual dolu gözləri ilə «Muslim?» yəni «müsəlmansan?» sualına tez-tələsik «yes, yes, Allahu Akbar» deyə cavab verdim və bu, bayaqdan onu müşayiət edən çaşqınlığa son qoymağa bəs elədi...

 

***

 

Hə, etiraf etməliyəm, aeroportu, yolları o qədər də normal vəziyyətdə deyil, mən qaldığım və 80 dollar ödədiyim otelə isə - guya 4 ulduzludur və Bakıdan danışanda bir sutkasına görə daha az pul demişdi - Azərbaycanın ən ucqar rayonunda belə rast gələ bilməzsən.

 

Küçələrdə ictimai nəqliyyat deyilən anlayış yoxdur, avtobusların üstündə belə yer tapıb gedirlər. Mən bir motosikletdə beş nəfərin minib getdiyini də ömrümdə ilk dəfə burda, İslamabadda gördüm.

 

Burda mobil telefona simkart almaq isə əməlli-başlı məşəqqətdir. Amma mümkündür. Mənə yenə pasportumdakı Azərbaycan Respublikası sözləri və «müslim» olmağım kömək elədi. Yerli «Ufone» operatorundan nömrə alanda sol əlimin baş barmağını mürəkkəbə batırmaqdan tutmuş, harda, neçə gün qalacağım yerə qədər xeyli blank da doldurası oldum. Əslində, bu da başa düşüləndi. Ölkədə tez-tez stabillik pozulur, terror aktları baş verir. Sosial vəziyyət də ürəkaçan deyil. Amma... Amma bu ölkənin insanları gülərüzdür, mehribandır, qonağa, xüsusən də müsəlmana hər an kömək etməyə hazırdır.

 

***

 

Bax, beləcə… Hələlik, bu qədər. Hələ nə görmüşük ki? Hələ üç gün burdayıq.

 

Müxtəlif mövzulu reportajlarımız, müsahibələrimiz, maraqlı adamlarla, tanınmışlarla görüşlərimiz gözlənilir. Maraqlı olacaq.

 

Lent.az-ı izləyin...

 

Səbuhi Məmmədli,

Pakistan

# 1286
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar