Ruhların evi, saçı ağaran heykəl, qara paltarlı kasıblar... – TİFLİS GÜNDƏLİYİ
18 yanvar 2013 10:32 (UTC +04:00)

Ruhların evi, saçı ağaran heykəl, qara paltarlı kasıblar... – TİFLİS GÜNDƏLİYİ

Mən bu səfərə böyük yaradıcılıq ümidlərilə başladım. Bu, Gürcüstanın paytaxtına, bineyi-qədimdən Azərbaycanın yaradıcı, ziyalı adamlarına balaca, amma isti ağuşunu açmış Tiflisə köçməyimin səbəblərindən ancaq biri idi. Təzələnmək, dəyişmək, başqa dilli, başqa dinli, başqa ovqatlı insanların şəhərində yaşamaq. İnsana həmişə elə gəlir ki, gedəcəyi bütün yerlər geridə buraxdığı şəhərdən yaxşıdır. Yaradıcı adama həmişə elə gəlir ki, harmoniyasına uya, uyğunlaşa bildiyi şəhərlərdə daha yaxşı yaza bilər. Ümid...sadəcə ümid...

 

Ev axtarmaqdan başladım. Ev tapmaqda kömək edən gürcü qızı Ninonun alıb gətirdiyi qəzet hələ bugünkü olsa da, elanlardakı evlərin əksəriyyəti artıq kirayə verilmişdi. Cəmi bir neçə ev sahibi bizi evə baxmağa dəvət etdi. Birincisi ilə səhər saat onda görüşmək üçün razılaşdıq.

 

Tiflisin mərkəzində, mərkəzi küçə hesab olunan Rustaveliyə yaxın küçələrdən birində yerləşən qədim ev olduqca köhnə idi. Məni alaqapıda qarşılayan qadının özü yaşlı, üzü yorğun, əyni-başı çox kasıbyana idi. Darecan adlı bu xanım ev sahibinin qonşusu imiş. Kirayəyə götürmək istədiyimi evin qapısını açanda məni dəhşətli bir kif qoxusu vurdu. İkiotaqlı, geniş mətbəxli ev olduqca köhnəydi, sadə təmiri çoxdan köhnəlmişdi. Bununla belə ev olduqca təmiz idi. Darecan evdən gələn qoxunu ildən artıqdır ki, burada heç kimin yaşamamağı, qapının açılmamağı ilə izah elədi. Onun dediklərini şair dilinə tərcümə elədim:

 

- İnsansızlığın qoxusu...

 

Qadın gülümsədi. Evi kirayələmək fikrindən daşınmışdım ki, Darecan evin tarixi barədə danışmağa başladı.

 

Bu köhnə, kif qoxulu evin ilk sahibləri üç rəssam qardaş olub. Onlardan biri gürcülərin «Hökumə Qurbanovası» hesab olunan məşhur aktrisa Dodo Çiçinadze ilə evlənib. Dodo Çiçinadze bir neçə ildir ki, dünyasını dəyişib. Məşhur aktrisanın ölümündən sonra ev onun qaynı oğlu, hazırda Gürcüstanda çox məşhur olan dirijor Qoqi Çiçinadzeyə qalıb. Qogi də bir müddət bu evdə tək yaşadıqdan sonra başqa yerə köçüb. Evi kirayəyə çıxaran isə onun hələ üzünü görmədiyim anası idi.

 

Evdə üç nəsil yaradıcı adamların yaşadığı hər addımda, hər əşyada gözə çarpır. Otaqlardakı rəsm əsərləri, ödül heykəlciklər, tərifnamələr, nəhəng kitab dolabı, fotoşəkillər bunu təsdiqləyirdi. Nəhəng kitab rəfində illərlə axtardığım demək olar ki, hamısı rus dilində olan kitablar - Tolstoyun, Molyerin, Dostoyevskinin seçilmiş əsərləri, çoxcildlik incəsənət ensiklopediyası, Nodar Dumbadzenin kitabları vardı. Dolablardakı qab-qacaq, süfrələr, dəsmallar hamısı sovet dövründən qalmışdı. Daha düşünmədim. Evin behini verib, bu günlərdə köçəcəyimi dedi. Darecan məni həvəsləndirdi:

 

- Ev sahibi hər şeyi mənə tapşırıb. Burada gördüyünüz hər şeydən istifadə edə bilərsiniz. Nə lazım olsa, məni çağırın. Həmişə kömək eləməyə hazıram.

 

Əvvəlcə evə əşyaların bir qismini yığıram. Əşyaların arasında Rafiq Tağının böyüdülmüş şəkli də var. Bu şəkli Elmin Həsənli ilə birlikdə böyüdüb, çərçivəyə saldırmışdıq. Axşam ev sahibəsinin qardaşı zəng edir. Deyir ki, evin kəm-kəsirini düzəltmək üçün getmişdim ora. Sizin qətlə yetirilmiş yazıçınızın şəkli var idi evdə. O sizin qohumunuzdurmu?

Sadə bir gürcünün (hərçənd adamın bacısı oğlu dirijordusa, ola bilər) Rafiq Tağının tanımağına, onun qətlindən xəbərdar olmağına təəccüblənirəm...

 

Sonra Dodo Çiçinadzenin şəkilləri, tərifnamələri ilə dolu evdə, Qogi Çiçinadzenin evində ilk günlər başlayır. Qoqinin anası, üzünü görmədiyimiz ev sahibəm hərdən zəng edib, bir narahatlıq olub-olmadığını soruşur. Yaxınlıqdakı dükanları, küçələri, buralardan keçən avtobusları öyrənirəm. Yavaş-yavaş  gözüm gürcü əlifbasındakı hərflərə öyrənir. Xırda yazıları oxumağa başlayıram.

 

Evin yaxınlığında şən gürcü balalarının oynaşdığı Vilnüs parkı, bir neçə xırda dükan yerləşir. Dükanlardakı cavan satıcılar rus dilini bilmir, eləcənə adama gülüşlə cavab verirlər. Rusca bilən yaşlı satıcı qadınlar isə o dəqiqə hardan gəldiyimi, niyə buralara köçdüyümü, adımı, işimi soruşurlar.

 

Kürəyini Tiflisin ən hündür yerinə söykəmiş evin eyvanının bir tərəfi sökülüb. Yanındakı xurma ağacı bu qəza vəziyyətindən istifadə edərək, o sökülən yerdən qol-qanadını düz eyvanın içinə yayıb. Meyvələri düz eyvanın içindən dərmək olur.

 

Günlər keçir, ya soyuqdan, ya həvəssizlikdən, ya tənbəllikdən, bilmirəm, çox gəzmirəm. Evi qaydaya salıram, əşyaları yerləşdirirəm. Heç bir xüsusi hiss keçirmirəm. Bu şəhərə köçməyimə çox sevinməsəm də, heç Bakı üçün də darıxmıram. Özümü buralara nə ögey, nə də doğma hiss eləmirəm. Bilmirəm, buralara öyrəşib birdəfəlik qalmaq, yoxsa geri qayıtmaq, yoxsa ümumiyyətlə, burdan da baş götürüb, haralarasa getmək istəyirəm. Nə istədiyimi bilmirəm. Bilməməyimin də narahatlığını çəkmirəm. Heç nə hiss eləmirəm. Heç nə...

 

Darecan bir neçə pişik saxlayır. Mətbəximin qapısı düz dəhlizə açıldığından qapını açan kimi pişiklər evə doluşur. Bəzən yemək qoxusuna, bəzən mətbəxin istiliyinə, bəzən də sığala gəlir pişiklər... 

 

Bir neçə həftə keçir və Tiflisə ilk qar yağır. Vilnüs bağındakı uşaqların səsi daha şən gəlir qulağıma. Tiflisin mərkəzində büstü qoyulmuş rus şairi Puşkinin də başına qar yağıb. Bu büstə həmişə fikir verirəm. Qar yağanda saçları ağarır, yağış yağanda gözlərindən yaş axır, gün çıxanda üzündə nəsə gülümsər bir ifadə olur...

 

Altdan-üstdən geyinib, parka çıxıram. Tiflisin bir şeyi çox yaxşıdır ki, gürcülər əhli-kef xalq olduğundan təzə, yad adamı elə də veclərinə almırlar. Sənə qıraqdan gözlər dikilmir. Özünü səhnədəki kimi hiss eləmirsən. İstəyirsən saatlarla hardasa otur, istəyirsən gecə yarısı dar, qaranlıq küçələri dolaş, sən heç kimi maraqlandırmırsan.

 

Ölkədə rejim dəyişib. Prezident Saakaşvili son aylarını yaşayır. Gürcü xalqı «Gürcü arzusu»nu hakimiyyətə gətirib. Bəziləri gələcəklə bağlı böyük ümidlərlə yaşayır. Bəziləri artıq peşman olub. “Gürcü arzusu”nun hakimiyyətə gəlməsi hələ ki, heç nəyi yaxşılığa doğru dəyişməyib. Şən və tənbəl gürcülər hələ də kasıblıq, pulsuzluq içində yaşayır. Bəlkə də şəhər sakinlərinin çoxunun qara, boz rəngdə paltar geyinmələrinin səbəbi də budur. Köhnəliyi gizləməyin bir vasitəsidir bu rənglər.

 

Əhali nə qədər kasıb olsa da, Tiflis istənilən növ xidmət obyektlərinin keyfiyyəti ilə adamı təəccübləndirir. Bəzi banklar həftədə yeddi gün, 24 saat işləyir. Gecənin bir aləmi banka gedib, kommunal xərcləri ödəmək olur. Supermarketlərin əksəriyyəti gecələr də işləyir. Kafelər gec saatlara qədər açıq olur.

 

Qışa, qara, çovğuna baxmayaraq, hər gecə Tiflisin mərkəzi küçələrində elə küçənin ortasındaca dayanıb pivə içən, qucaqlaşan, gülüşən oğlan və qızlara rast gəlmək olur. Pivə pulları qurtaranda, yaxından keçən yaxşı geyimli bir adamdan pul istəməkdən çəkinmirlər. Mən elə də yaxşı geyinmirəm. Amma bir dəfə məndən də istədilər...toppuş, gülərüz bir qız idi...

 

Qarlı günlərdən birində radiolardan birində aparıcı işləyən dostum Beka Qomelauri qonaq gəldi. Beka arıq, ucaboy, körpələrə məxsus sifət ifadəsi olan oğlandı. İllərdir ki, jurnalist işləyir. İndi aparıcıdır. Ayda 300 lari maaş alır. Yəni 150 manat. Bu qədər az maaş almasına baxmayaraq, olduqca zövqlə geyinir. Sakit, hətta demək olar ki, fağır oğlandı. Bircə məsələdə əsəbi olur  - Saakaşvlidən danışanda.

 

Bekanın gətirdiyi şərabdan içib, söhbət edirik. O, Azərbaycanda cəmi bir dəfə olub. Və ölkəmizlə bağlı bircə parlaq xatirəsi var: “Siz çayı armuda oxşayan balaca stəkanlarda içirsiz, özü də parça qəndlə!!!”

 

Gürcülər çay içmirlər. Kafelərdə çaynik çayı tapmaq mümkün deyil. Çay istəyəndə iri bir fincan dolusu ilıq suyun içinə bir paket çay atıb gətirib tolazlayırlar adamın qabağına. Şərabla qəhvənin olduğu yerdə adamın niyə çay istəməyi onlara çox qəribə gəlir...bunu çoxdan bilirəm. Özümlə iki kilo quru çay gətirmişəm...

 

Bakıdan bir neçə gənc Tiflisə gəlib. Onlarla görüşürük. Axundovun Tiflisdəki Botanika bağında yerləşən məzarını bir daha ziyarət edirik. Sonra Tiflisin kükürdlü suyu, müalicəvi əhəmiyyəti ilə məşhur olan hamamlarına getmək qərarına gəlirik...

 

Ardı olacaq...

# 2853
avatar

Günel Mövlud

Oxşar yazılar