Avropa Azərbaycan Cəmiyyətinin bir illik fəaliyyəti - HESABAT
17 yanvar 2013 15:05 (UTC +04:00)

Avropa Azərbaycan Cəmiyyətinin bir illik fəaliyyəti - HESABAT

Avropa Azərbaycan Cəmiyyəti (AAC) ötənilki fəaliyyəti ilə bağlı hesabat açıqlayıb.

 

AAC-dan APA-ya daxil olan açıqlamada bildirilir ki, Londonda təsis edilmiş müstəqil qeyri-hökumət təşkilatı olan Avropa Azərbaycan Cəmiyyəti (AAC) fəaliyyət göstərdiyi 5 il ərzində Avropada Azərbaycanın strateji maraqlarını təmsil edən düşüncə və fəaliyyət mərkəzi kimi tanınıb. Bu dövr ərzində AAC Avropa Birliyi dövlətlərində geniş şəbəkəyə malik strukturlar formalaşdırıb, Azərbaycanın dünyada tanıdılması və taleyüklü problemlərinin həlli istiqamətində ardıcıl iş aparıb.  

 

2012-ci il AAC-nin çoxsahəli fəaliyyətində xüsusi yer tutub. 2012-ci ildə AAC-nin Böyük Britaniya, Belçika, Almaniya və Azərbaycan nümayəndəlikləri ilə birlikdə, ənənəvi olaraq erməni diasporunun güclü olduğu Fransada da nümayəndəliyi fəaliyyətə başlayıb.  

 

AAC fəaliyyətində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyinin dünyaya çatdırılmasına çalışıb, bu sahədə Avropa Parlamentində, Böyük Britaniya, Belçika, Almaniya və Fransa parlamentlərində məqsədyönlü iş aparıb, Azərbaycan tarixi, mədəniyyəti və incəsənətinin Avropada daha yaxından tanıdılması üçün sistemli tədbirlər həyata keçirib. Bunun nəticəsidir ki, Avropanın bir sıra nüfuzlu siyasətçiləri, elm və mədəniyyət xadimləri Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına son qoyulması və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə dair dünya birliyinə mesajlarla çıxış ediblər. Ermənistandakı siyasi proseslərin mahiyyəti, xüsusilə Azərbaycan zabiti Ramil Səfərovun azadlığa çıxması ətrafında Ermənistan hakimiyyəti və erməni diasporunun yaratdığı səs-küyə qarşı Avropanın tanınmış siyasi xadimlərinin Ramil Səfərovu müdafiə edən “Səfərov bəyanatları” adlandırılan açıqlamaların verilməsinə nail olunub. Bu bəyanatlar erməni təbliğatının qarşısının alınmasında mühüm rol oynayıb. Beləliklə, AAC-nin 2012-ci ildəki çoxşaxəli fəaliyyətinin əsas yekunları kimi aşağıdakı prioritet istiqamətləri və həyata keçirilən layihələri xüsusi qeyd etmək olar.

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

 

AAC əsas strateji məqsəd kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılması və həllində Avropa Birliyi dövlətlərinin dəstəyinin təmin edilməsi sahəsində fəaliyyətini davam etdirib.  

 

Lordlar Palatasında debat. Böyük Britaniyanın  Lordlar Palatasında Lord Leyrdin vasitəçiliyi ilə Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi haqqında debat təşkil edilib. Debatda çıxış edən Lord Leyrd, Lord German, Lord Kilkluni və Lord Şeyx Azərbaycanın haqlı mövqeyini müdafiə edib, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinin və Böyük Britaniyanın Azərbaycanla əlaqələrinin daha da möhkəmləndirilməsinin vacibliyini əsaslandırıblar.  

 

Günter Öttingerin bəyanatı. AB-nin enerji məsələləri üzrə komissarı Günter Öttingerin bəyanatında Azərbaycan və AB arasındakı əməkdaşlığın möhkəm təməllər və konkret maraqlar üzərində qurulduğu, Dağlıq Qarabağın Azərbaycanın suveren ərazisi olduğu vurğulanıb.  

 

Almaniya Bundestaqında Dağlıq Qarabağ münaqişəsinə dair sənəd. Almaniya Bundestaqında Xristian Demokratik İttifaqı/Xristian Sosial İttifaqı (CDU/CSU) fraksiyasının xarici siyasət üzrə işçi qrupu tərəfindən “Dağlıq Qarabağda 20 illik konflikt: həll yolunda yeni impuls” adlı sənəd hazırlanıb.   

 

Beynəlxalq Gənc Demokratlar İttifaqı və Almaniyanın ən böyük gənclər təşkilatı “Junqe Union”un qətnamələri. Beynəlxalq Gənc Demokratlar İttifaqının Beyrutda keçirilən iclasında “Dağlıq Qarabağ: 20 il çox uzun müddətdir” adlanan daha bir qətnamə qəbul edilib.   

 

Xristian Demokratik İttifaqı/Xristian Sosial İttifaqı partiyalarının Avropada ən böyük siyasi yönümlü gənclər təşkilatı olan “Junqe Union” təşkilatının AFR kansleri Angela Merkelin də iştirak etdiyi konfransında AAC sədri Tale Heydərov çıxış edib. Konfransda Dağlıq Qarabağ münaqişəsi haqqında sənəd qəbul edilib, sənəddə Azərbaycanın ərazi bütövlüyü dəstəklənib.  

 

Parlament sualları. AAC Avropa ölkələrindəki nümayəndəlikləri vasitəsilə Böyük Britaniya, Almaniya, Belçika və Avropa parlamentlərində deputatların Dağlıq Qarabağ haqqında sualları vasitəsi ilə münaqişəni gündəmdə saxlamağa və Azərbaycanın mövqelərini çatdırmağa çalışıb.

 

“Evə qayıdan beş yol” fotosərgisi. Berlində tanınmış fotoqraf Filip Rasmerin Azərbaycan qaçqınları və məcburi köçkünlərinin həyatından bəhs edən “Evə qayıdan beş yol” adlı fotosərgisi keçirilib.  

 

“Ermənistanın avropalı dostları” təşkilatının Avropa Parlamentində keçirmək istədiyi tədbirin gündəlikdən çıxarılması. AP üzvü Teoçarous ermənilərin yardımı ilə qeyri-qanuni olaraq Azərbaycanın işğal altındakı torpaqlarına səfər edib və bu səfər haqqında AP-də tədbir keçirməyə cəhd göstərib. AAC-nin AP-yə məktubu və Azərbaycanın AP-dəki dostlarının səyi nəticəsində bu cəhdin qarşısı alınıb. AP sədri Jozef Daul da həmkarının təşəbbüsünü ciddi tənqid edib.

 

Səfərov bəyanatları

 

AAC-nin siyasi sahədə fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycan zabiti Ramil Səfərovun Macarıstandan ekstradisiyası və azad edilməsi ətrafında Ermənistan rəsmi dairələri və erməni diasporunun, həmçinin  Avropadakı anti-Azərbaycan qüvvələrinin təbliğatına qarşı məqsədyönlü işi olub. AAC-nin təşkilatçılığı ilə Britaniyadan yerli hökumət komissiyasının üzvü Bob Bləkmən, Britaniyanın penitensiar xidmət üzrə keçmiş naziri Qerri Satklif, Lord Maqinnis, Lord Leyrd və Lord Kilkluni bu məsələdə Azərbaycanı müdafiə edən “Səfərov bəyanatı” ilə çıxış ediblər.  

 

Avropa Parlamentində anti-Azərbaycan sənədinin qəbulu əleyhinə aparılan iş nəticəsində Liberal qrup (ALDE) qətnaməni dəstəkləməyib, sənədə Səfərovla bağlı Azərbaycanın mövqeyinə uyğun dəyişikliklər edilib.  

 

Almaniya Bundestaqının deputatları, xarici siyasət məsələləri üzrə sözçü Filip Misfelder, Olav Quttinq, müdafiə məsələləri üzrə komitə üzvü Florian Hahn, xarici məsələlər komitəsinin üzvü, keçmiş iqtisadiyyat naziri Mixael Qlos, xarici işlər komitəsinin üzvü Dr. Piter Qauvil, AB-də enerji məsələləri üzrə komissar Günter Öttinger və xarici işlər komitəsinin üzvü Karl Gerq Velmann da bu məsələ ilə bağlı olaraq siyasi bəyanatla çıxış ediblər. Bu açıqlamalar ermənilərin və anti-Azərbaycan qüvvələrinin təbliğatının qarşısının alınmasında mühüm rol oynayıb.

 

Xocalı faciəsi ilə əlaqədar tədbirlər

 

Xocalı qətliamı ilə əlaqədar həqiqətlərin dünyaya çatdırılması sahəsində də ardıcıl iş aparılıb.

 

Parlament petisiyası (EDM). Britaniya parlamentinin İcmalar Palatasının 21 üzvü tərəfindən imzalanmış Parlament Petisiyası qəbul edilib. Petisiyada Dağıq Qarabağ konfliktinin tezliklə həllinə yardım edilməsi və Xocalı kimi faciələrin təkrarlanmasının qarşısının alınması tələb edilir.

 

Xocalı anım mərasimi. Londonda BBC-nin ilin ən yaxşı dirijoru adına layiq gördüyü Sue Perkinsin rəhbərlik etdiyi Orion Simfoniya Orkestrinin iştirakı ilə Xocalı anım mərasimi təşkil edilib.

 

Xocalı qurbanlarının xatirəsinə ağaclar əkilməsi. Londonun yaxınlığındakı St.Alban ərazisindəki Milli Parkda Xocalı qurbanlarının xatirəsini yad etmək məqsədilə 613 ağac əkilib və bu, xüsusi lövhədə qeyd edilib.

 

Xocalıya dair məlumatlandırma. Belçikada Euractiv.com and Diplomatic World kimi əsas diplomatik nəşrlərdə məqalə dərc edilib.

 

Xocalıya dair fotosərgi. Məşhur fransız fotoqrafı Fredrik Lenqaynın Bakıdakı Muzey Mərkəzində Xocalıya aid 1992-ci ildə Ağdamda çəkdiyi və indiyədək nümayiş etdirilməyən  fotolarının sərgisi də geniş rəğbət qazanıb.   

                                         

Avropa dövlətləri ilə əməkdaşlıq

 

AAC Avropa ölkələrinin parlamentlərində Azərbaycan dostluq qruplarının yaradılması, sıralarının genişləndirilməsi və aktiv fəaliyyətinə dəstək verib, Avropanın nüfuzlu siyasətçilərinin Azərbaycana səfərlərini təşkil edib.

 

Böyük Britaniya Parlamentində Azərbaycanın dostları qrupu (APPG). Böyük Britaniya parlamentində Azərbaycanın dostları qrupunun katiblik işləri həyata keçirilib və qrup öz missiyasını uğurla yerinə yetirib. Britaniyanın əsas siyasi partiyalarının qurultaylarında Azərbaycanı tanıdan qəbullar təşkil edilib. 

 

Avropa Parlamentində “Azərbaycanın dostları” qrupu.  AP-də “Azərbaycanın dostları” qeyri-rəsmi qrupunun yenidən təsis edilməsi də uğurlu addım olub. AAC  Belçika nümayəndəliyinin bu sahədə fəaliyyəti nəticəsində “Ermənistanın avropalı dostları” adlı təşkilatın parlamentdə anti-Azərbaycan məzmunlu tədbirlər keçirilməsinin qarşısı alınıb.

 

Səfərlər. Böyük Britaniya parlamentində “Azərbaycanın dostları” qrupunun üzvləri və  Böyük Britaniyanın keçmiş müdafiə naziri Liyam Foks Azərbaycana səfər edib. Səfər çərçivəsində Liyam Foks Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olub və Strateji Araşdırmalar Mərkəzində çıxış edib. Keçmiş nazir çıxışında Ermənistanı işğalçı dövlət adlandırıb, Azərbaycanın geosiyasi rolunu yüksək qiymətləndirib.  

 

Ermənistanın mövqeyinin möhkəm olduğu Fransadan Senatın beş üzvündən ibarət nümayəndə heyətinin Azərbaycana səfərinin təşkili də böyük əhəmiyyətə malik olub. Senatorlar Azərbaycanın enerji istehsalçısı və ixracatçısı kimi müstəsna əhəmiyyət daşımasını daha dərindən qiymətləndirmək imkanı əldə ediblər.  

 

Biznes forum

 

AAC Azərbaycanın iqtisadi imkanlarının dünyaya çatdırılması və ölkə iqtisadiyyatına investisiyaların cəlb edilməsi sahəsində də bir sıra layihələr həyata keçirib.  

 

Britaniya Parlamentində məruzə. Britaniya parlamentinin Lordlar Palatasında Lord Leyrdin sədrlik etdiyi tədbirdə Siti Universitetindən professor Alan Riley “Nabucco sonrası dövr və Cənubi Qafqaz dəhlizinə dair seçim imkanları” mövzusunda məruzə ilə çıxış edib.  

 

Biznes forum. Londonda 250-dən çox dəvətlinin qatıldığı “Azərbaycan və Türkiyənin investisiya imkanları” adlı biznes forum (2012, may) da uğurlu olub. Siyasi xadimlər, iş adamları və mütəxəssislərin təmsil olunduğu forumda 40-a yaxın məruzə dinlənilib.  

 

Korporativ üzvlük. Azərbaycan iqtisadiyyatının inkişafı, onun investisiya və biznes imkanları, xarici investorların cəlb edilməsində məsləhət və məlumatlandırma işini daha effektiv həyata keçirmək məqsədilə təşkilata korporativ üzvlər cəlb edilməsi də davam etdirilib. Hazırda AAC-nin 40 korporativ üzvü var.

 

Media

 

Avropadakı anti-Azərbaycan qüvvələri niyyətlərini həyata keçirmək üçün medianın imkanlarından geniş istifadəyə çalışır. Bunu nəzərə alan AAC Avropanın nüfuzli media dairələri ilə əməkdaşlığa xüsusi diqqət verir.

 

Jurnalistlərin səfəri. AAC-nin təşkilatçılığı ilə Britaniya və Fransadan olan media nümayəndələri Azərbaycanda səfərdə olub, bunun nəticəsi olaraq həmin ölkələrin mətbuat orqanlarında və elektron kütləvi informasiya vasitələrində Azərbaycanın turizm imkanları, tarixi haqqında məqalələr çap edilib.

 

İlk dəfə olaraq Fransa parlamentinin rəsmi orqanı olan “Le Journal du Parlament” jurnalında Azərbaycanın siyasi, iqtisadi nailiyyətlərinə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair materiallar dərc olunub.

 

Aylıq oxucusu üç milyondan çox olan populyar “Huffinqton Post” nəşrində deputat Kristofer Pinçerin Azərbaycan haqqında məqaləsi çap edilib.

 

Britaniya mediasında paraolimpiyaçı cüdoçu İlham Zəkiyevlə müsahibə təşkil edilib. Bu müsahibədə İlhamın “atəşkəs xətti”ndə yaralanması faktına xüsusi diqqət yetirilib.

 

Akademik tədbirlər

 

AAC dünyanın nüfuzlu akademik dairələri ilə əməkdaşlığa da xüsusi yer verib.  

 

Beynəlxalq simpozium. Yahad-in Unum (Paris) təşkilatı ilə əməkdaşlıq memorandumu imzalanıb, həmin təşkilatla birgə “Azərbaycanın II Dünya müharibəsində və Qafqazda Holokostun önlənməsində rolu” mövzusunda Bakıda beynəlxalq simpozium keçirilib. Simpoziumda Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq Azərbaycanın II Dünya müharibəsində rolu ilə eyni zamanda, Qafqazda Holokostun önlənməsindəki rolu da qeyd edilib. Holokostun tədqiqi sahəsində təcrübənin Xocalı soyqırımının araşdırılmasında da tətbiqi qərara alınıb.

 

Konfrans və dəyirmi masa. Londonda “BTC və perspektivlər” adlı konfrans, Parisdə Fransa Beynəlxalq Əlaqələr İnstitutu ilə birgə “Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu” mövzusundakı dəyirmi masa da akademik dairələr tərəfindən rəğbətlə qarşılanıb.

 

Təhsil və elm

 

AAC təhsil və elm sahəsində də yeni layihələr reallaşdırıb.  

 

Avropa Azərbaycan məktəbi. Respublikada ilk dəfə olaraq yeni tipli Avropa Azərbaycan Məktəbi açılıb. Məktəbə qəbul, tədrisin təşkili, şagirdlərin asudə vaxtının səmərəli istifadəsi sahəsində dünya standartlarının tətbiqinə nail olunub.

 

“İstedadlarımız gələcəyimizdir” Resurs Mərkəzi. İstedadlı gənclərin təhsilinə dəstək vermək məqsədilə Sumqayıt şəhərində yaradılmış “İstedadlarımız gələcəyimizdir” Resurs Mərkəzi də fəaliyyətini davam etdirib. Hazırda Mərkəzdə 100 şagird əlavə təhsil alır.

 

Azərbaycanşünaslıq Mərkəzi. AAC-nin tərkibində Azərbaycan tarixinin aktual problemlərinin, Azərbaycan-Avropa əlaqələrinin daha dərindən öyrənilməsinin təşkili, beynəlxalq elmi tədbirlərin keçirilməsi, Azərbaycan alimlərinin Avropanın nüfuzlu elmi tədbirlərində iştirakının dəstəklənməsi üçün xüsusi elmi mərkəz yaradılıb. Elmi mərkəzin fəaliyyəti nəticəsində “Qafqazda “erməni məsələsi”. Rusiya arxiv sənədləri və nəşrləri üzrə” üç cildlik hazırlanıb, Britaniya kitabxanasında və Britaniya Milli Arxivində Azərbaycan tarixinə dair tədqiqatlar aparılıb, ilk dəfə olaraq XX əsrin əvvəlləri  və Azərbaycan Demokratik Respublikası dövrünə dair yeni sənəd və materiallar, həmçinin xəritələr toplanıb. Bu materialların elmi araşdırılması nəticəsində “Azərbaycan tarixi xəritələrdə” adlı kitabın hazırlanmasına başlanılıb.

                                            

 Dövri nəşr və kitablar

 

“Visions of Azerbaijan” jurnalı. 2006-cı ildən çap olunan jurnalın dövri nəşri davam etdirilib. Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti və müasir həyatına dair məqalələrin nəşr olunduğu ingilisdilli jurnal dünyanın aparıcı kitabxana və elm mərkəzlərinin kataloquna daxil edilib.

 

Kitablar. AAC-nin Rusiya arxiv sənədləri və materialları əsasında hazırladığı üç cildlik “Qafqazda erməni məsələsi” kitabı Bakı ilə birlikdə, Sankt-Peterburq şəhərində rus dilində və Londonda ingilis dilində nəşr edilib. Həmin kitabın məşhur tarixçilərin iştirakı ilə Vestministrdə təqdimatı keçirilib.  

 

“Azərbaycan: 100 suala cavab” kitabının təkmilləşdirilmiş yeni nəşri hazırlanıb.  

 

Britaniyalı jurnalistlər tərəfindən sağ qalmış Xocalı şahidlərindən alınmış müsahibələr əsasında yazılan, xarici fotoqraflar tərəfindən çəkilmiş şəkillər və xüsusi xəritələrin əlavə edildiyi ”Khojali Witness” (Xocalı şahidi) kitabı nəşrə hazırlanıb.

 

Azərbaycanın tanınmış yazıçıları Mirzə Fətəli Axundzadənin, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Nəcəf bəy Vəzirov və Əbdürrəhim bəy Haqverdiyevin pyesləri ingilis dilinə tərcümə edilib.  

 

Məşhur şərqşünas, akademik Ziya Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə” monoqrafiyası da ingilis dilində nəşrə hazırlanıb.  

 

Bunlarla birlikdə avropalı yazarlarının Azərbaycan haqqında kitablarının (Petrik Cefsonun “Baku and beyond” və Şahin Sinaranın “İvonno Botto” kitabları və s.) nəşri də dəstəklənib.  

 

Mədəniyyət və incəsənət

 

Azərbaycan mədəniyyəti, incəsənəti, etnoqrafiyası və mətbəxinin Avropada daha ətraflı tanıdılması sahəsində də layihələr həyata keçirilib.

 

Ülyahəzrət Kraliça II Elizabetin “Diamond” (Brilyant) yubiley tədbirləri. AAC bütün dünyada geniş əks-səda verən Ülyahəzrət Kraliça II Elizabetin “Diamond” (Brilyant) yubiley tədbirlərində və “Royal Vindzor” At Şousunda Azərbaycanın hərtərəfli təmsil olunmasına çalışıb. Bu məqsədlə Qarabağ atlarının şouda iştirakı və tədbirin keçirildiyi məkanda Azərbaycana aid xüsusi pavilyonun fəaliyyətinin təşkilinə dəstək verilib. Ülyahəzrət Kraliça II Elizabetin fəaliyyətinə həsr edilmiş “Dünya ətrafında 60 il” adlı kitaba Azərbaycana aid bölmə daxil edilib.

 

“Azərbaycan fotoobyektivdə” müsabiqəsi və fotosərgi. Londonda ilk dəfə olaraq “Azərbaycan fotoobyektivdə”  adlı müsabiqə keçirilib. Müsabiqəyə 170-dən çox fotoqraf  750 foto təqdim edib. Müsabiqədən keçən 100 foto əsasında xüsusi sərgi təşkil olunub.

 

Novruz şənliyi. Londonda “Gibson Holl”da Azərbaycanın milli bayramı Novruz münasibətilə 600 dəvətlinin qatıldığı tədbir təşkil edilib.

 

Caz konsertləri. Belçikada və Almaniyada İsfar Sarabskinin iştirakı ilə caz konsertləri təşkil olunub.  

 

“Girov” filminin nümayişi. Fransada müəllif filmləri festivalında “Girov” filminin nümayişi təmin edilib.  

 

Gəlincik auksionu. UNİCEF–in 10-cu dəfə keçirdiyi xeyriyyə kampaniyası zamanı təşkil edilən Gəlincik auksionunda məşhur parisli dizayner Tilman Qravın Azərbaycan motivləri əsasında “Ulduz Buta” adlı gəlincik hazırlamasına və nümayişinə dəstək verilib.

 

Qarabağ - Azərbaycan kolleksiyası. Mədəniyyət və incəsənət sahəsində ən uğurlu layihələrdən biri də Berlində məşhur “Edsor Kronen” moda evinin Qarabağ-Azərbaycan mövzusunda qalstuk kolleksiyasının təqdimatı olub.

 

“Evrovision-2012” mahnı müsabiqəsinin yekun konsertinə səfərlər. “Evrovision-2012” mahnı müsabiqəsinin yekun konsertinin Bakıda keçirilməsi ilə əlaqədar olaraq Azərbaycanın nəinki musiqi, o cümlədən siyasi dairələrin diqqət mərkəzinə keçməsi də nəzərə alınıb, Böyük Britaniya və Belçikanın tanınmış siyasətçilərindən ibarət nümayəndə heyətlərinin Bakıya səfərləri təşkil edilib.

 

Sənədli filmlər. AAC əhəmiyyətini və təsir dairəsini nəzərə alaraq sənədli filmlər istehsalına da xüsusi diqqət ayırmağa başlayıb. Hazırda “İvonno” (İkinci Dünya müharibəsindən sonra azərbaycanlı gənclə ailə quraraq buraya gələn və yalnız 65 ildən sonra AAC-nin köməyi ilə vətəni Fransaya səfər edən İvonna haqqında), “Younq Voices and Ancient Sonqs” (Amerika musiqiçisi Jefri Verbok tərəfindən təqdim edilən filmdə Dağlıq Qarabağ münaqişəsinin Qarabağ musiqi irsinə vurduğu zərbədən bəhs edilir) və “Azərbaycan əcnəbi gözlərlə” üç hissəli filmin (amerikalı professor Tomas Qoltz tərəfindən təqdim edilən film Azərbaycanın müstəqillik dövrü barəsindədir) çəkilişləri başa çatdırılıb. Bu sənədli filmlərlə birgə “Qarabağ atları” və ADR dövründə xaricdə təhsil almağa göndərilmiş gənclərin taleyinə dair “100 tələbə” sənədli filmlərinin çəkilişinə başlanıb. 

# 971
avatar

Oxşar yazılar