Yol polisindən serial çəkən telekanallara müraciət
17 yanvar 2013 14:41 (UTC +04:00)

Yol polisindən serial çəkən telekanallara müraciət

Azərbaycan yol polisi teleseriallarda yol hərəkəti qaydalarının pozulması hallarının nümayişindən narahatdır. Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Trend-ə deyib ki, seriallarda, proqramlarda yol hərəkəti qaydalarının pozulması məqamlarının nümayiş etdirilməməsi üçün telekanalların rəhbərlərinə müraciət edilib: "Teleseriallar çəkilərkən orada yol hərəkəti qaydalarına əməl olunması düzgün təbliğ edilərsə, bunun sürücülərin maariflənməsinə böyük təsiri olar. Türkiyə seriallarında hətta cinayətkar olsa belə, avtomobildə sükan arxasına oturarkən təhlükəsizlik kəmərini bağlayır. Azərbaycanda da televiziyalara müraciət etmişik ki, seriallar, verilişlər yayımlananda bu cür hallara diqqət yetirilsin". Onun sözlərinə görə, bəzən televiziya proqramları və seriallar çəkilərkən orada yol hərəkəti qaydalarına əməl edilməsi baxımından ciddi qüsurlara yol verilir. Halbuki, bu məsələdə çox diqqətli olmaq lazımdır: "Biz dəfələrlə televiziyalarda proqram hazırlayanlara iradımızı bildirmişik ki, veriliş hazırlanan zaman sürücünün avtomobili idarə edərkən əlində mikrofon və ya telefon tutması düzgün deyil. Bu proqram və serialları çəkənlər bilməlidirlər ki, təbliğatın ən əsas vasitələrindən biri də insanların televiziyada ən çox baxdıqları filmlər və verilişlərdir. İstər sürücü, istər sərnişin olsun, avtomobilə əyləşərkən üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Filmlərin yaradıcı heyəti də bu məsələlərə çox diqqətlə yanaşmalıdır. Hamı televiziyaya baxır və kim orda nə görürsə, elə bilir ki, belə də olmalıdır. Serialın qəhrəmanı və ya antiqəhrəmanı avtomobili idarə edərkən etdiyi hərəkətlər digərlərinə örnək olur, tamaşaçı onun hərəkətlərini təkrarlayaraq özünü ona bənzətmək istəyir. Olmazmı ki, serial çəkiləndə sürücü maşına əyləşən sərnişinə desin ki, zəhmət olmasa, siz də kəməri bağlayın?! Bunun özü də elə ən güclü təbliğat formasıdır".

# 1732
avatar

Oxşar yazılar