Əhmdinejad:“Bu yollardan biri düşmənə təslim olmaqdır... »
17 yanvar 2013 05:26 (UTC +04:00)

Əhmdinejad:“Bu yollardan biri düşmənə təslim olmaqdır... »

Yanvarın 16-da İran prezidenti Mahmud Əhmədinejad parlamentdəki 1,5saatlıq çıxışı əsasən, ölkənin iqtisadi durumunu  və başqa  problemləri əhatə edib.

 Lent.az-ın yerli informasiya mənbələrinə istinadən məlumatına görə, Əhmədinejad deyib ki, beynəlxalq sanksiyaların ölkə iqtisadiyyatına təsirini minimuma endirmək üçün ölkənin neft gəlirlərindən asılılığına son qoymaq lazımdır: “Düşmənlər bizə qarşı ən ağır sanksiyalar qoyduqlarını iddia edirlər. Misal üçün, neft satışı məhdudlaşdırılıb, İran Mərkəzi Bankı sanksiyaya məruz qoyulub və bank sistemi mübadilələrinə xələl gətirilib. Sanksiyaların müəyyən problemlər yaratması sözsüzdür. Düşmənlər bir yandan xalqa təzyiq göstərib ondan intiqam almağa cəhd göstərir, digər yandan isə ölkənin inkişaf prosesini dayandırmaq məqsədilə hökuməti təzyiq və sıxıntıya məruz qoymağa çalışır”.

İran prezidentinin qənaətincə,  sanksiyalar qarşısında üç seçim var: “Bu yollardan biri düşmənə təslim olmaqdır. Digəri indiki vəziyyəti davam etdirmək, üçüncü seçim isə mövcud imkanlardan yararlanaraq ölkənin iqtisadi strukturunda dəyişiklik etmək və bu yolla sanksiyalar maneəsini  aşıb düşməni məyus etməkdir. Hesab edirəm ki, göstərilən bütün təzyiqlərə baxmayaraq, ortaq bir qərarla bu məsələyə son qoymalıyıq. Məsələn, Qərb bizdə benzinə tələbatın çox olduğunu nəzərə alaraq onun ölkəyə idxalına sanksiya qoydu. Lakin biz daxili imkanlarımızdan faydalanaraq benzin idxalını sıfıra endirib Qərbin planlarını puça çıxarda bildik”.

Əhmədinejad subsidiyaların ləğvi qarşılığında vətəndaşlara verilən aylıq minimum maddi yardıma dair hökumətlə parlament arasında istənilən  ixtilafın olduğunu təkzib edib: “Düzdür, bu haqda bəzi fikir ayrılıqları var. Lakin bunlar həll olunası məsələlərdir. Çünki niyyətimiz birdir. Bizim parlamentlə davamız yoxdur, aramızda da heç bir ixtilaf mövcud deyil. Hesab edirəm ki, bu problemləri həll etmək və böyük işlər görmək üçün hamımız əl-ələ verməliyik. Güclü iqtisadiyyat üçün vahid idarəçilik mərkəzi olmalıdır. Lakin nəzərə almaq lazımdır ki, paralel idarəçilik mərkəzləri ilə buna nail olmaq mümkün deyil. Əzizlərim! Güman edirəm ki, xalça toxumağı bacaran insanlar həsir üstündə yaşamamalı, neft dənizi üzərində oturan bir xalqın isə kasıbı olmamalıdır”.

Əhmədinejad çıxışını bitirəndən sonra bəzi deputatlar ondan parlamentdə qalıb deputatların çıxışlarına qulaq asmağı xahiş edib. Amma Əhmədinejad bunu rədd edib: “Mənim proqramım həqiqətən əvvəlcədən tənzimlənir. Ona görə məni üzrlü bilin. Qalsın başqa vaxta. Nə vaxt istəsəniz bir vaxt təyin edin, mən də gəlib 4 saat oturub sözlərinizə qulaq asaram”.

Xatırladaq ki, yanvarın 15-də məclisin sədri Əli Laricani prezident Mahmud Əhmədinejadın yanvarın 16-sı üçün parlamentdə nəzərdə tutulmuş çıxışına münasibət bildirərkən demişdi: “Prezident öz çıxışından sonra parlamentdə qalmasa da, deputatlar onun toxunacağı məsələlərə fikir bildirəcək, ölkənin müxtəlif problemlərini müzakirə edəcəklər”.

 

# 709
avatar

Oxşar yazılar