Tiflisdə Pancikidzenin Dağlıq Qarabağ bəyanatına dəstək aksiyası
17 yanvar 2013 01:14 (UTC +04:00)

Tiflisdə Pancikidzenin Dağlıq Qarabağ bəyanatına dəstək aksiyası

Gürcüstanın xarici işlər naziri Maya Pancikidzenin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Litvaya səfəri çərçivəsində verdiyi bəyanatla əlaqədar olaraq Gürcüstan paytaxtında aksiya keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə “Gürcüstan naminə” partiyasının gürcü və azərbaycanlı üzvləri M. Pancikidzenin Litvaya səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualı cavablandırarkən “Münaqişəni yalnız Azərbaycanın ərazi bütövlüyü lehinə nizamlamaq mümkündür” bəyanatını dəstəklədikləri barədə çıxışlar ediblər. Çıxışlarda Dağlıq Qarabağın tarixən Azərbaycan torpağı olduğu vurğulanıb və istər gürcülər, istərsə də azərbaycanlılar keçmiş hakimiyyətin partiyası olan “Vahid Milli Hərəkat”ın və parlamentin azlıqda olan deputatlarının xarici işlər nazirinin istefasını  tələb etməklərini pisləyiblər.

 

“Gürcüstan naminə” partiyasının lideri Fazil Əliyev çıxışında bildirib ki, Dağlıq Qarabağın Azərbaycan torpağı olmağı tarixdən də bizə və bütün dünya ictimaiyyətinə məlumdur. “ Bunu keçmiş hakimiyyət də dövlətə rəhbərlik edən vaxtlar dolayısı ilə də olsa, dəfələrlə vurğulayırdılar. Lakin Gürcüstanın xarici işlər naziri Maya Pancikidze bu faktı konkret olaraq xarici ölkə səfirlərinin iştirak etdiyi görüşdə Avropa ölkələrinin nümayəndələri, ekspertlər jurnalistlər və tələbələr qarşısında səsləndirib. O, həqiqəti söyləyib. Buna görə də biz M.Pancikidzeni dəstəkləyirik”.

 

“Gürcüstan naminə” partiyasının baş katibi Arçil Qodzradze isə Gürcüstanın xarici siyasət idarəsinin rəhbərinin addımının düzgün olduğunu, eyni zamanda onun qeyri-adi bir şey söyləmədiyini bildirib: “Bu fikirlər hamıya bəllidir. Lakin Maya Pancikidze doğru və əsası olan fikirlər səsləndirib. Biz bunda qeyri-adi heç nə görmürük. Çünki Qarabağ həmişə Azərbaycan torpağı olub.  İndi müxalifətə keçən keçmiş iqtidar partiyası xarici işlər nazirinin istefasını tələb edir. Biz buna etiraz edirik”.

 

# 882
avatar

Oxşar yazılar