Adın yazdığı tale, yaxud “atamı saqqallı ermənilər öldürdü”... - HEKAYƏT
25 dekabr 2012 16:36 (UTC +04:00)

Adın yazdığı tale, yaxud “atamı saqqallı ermənilər öldürdü”... - HEKAYƏT

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında, Vətən torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi  igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borcunu şərəflə yerinə yetirilməsində göstərdiyi misilsiz xidmətlərə görə leytenant Rəhimov Koroğlu İsmayıl oğluna Azərbaycanın Milli Qəhrəmanı adı verilsin. (ölümündən sonra)”.

 

Azərbaycan Respublikasının prezidenti  Heydər Əliyev

 

16 sentyabr, 1994-cü il.

 

***

 

Bəlkə də tale yazısı idi. Koroğlu adı ona heçdən yazılmamışdı. Bəlkə də məşhur xalq qəhrəmanının adını daşıması da ilahi düzümün tərkib hissəsi idi. Bilmirdi. Bircə onu bilirdi ki, anadan olandan sanki bu ad boyuna biçilib taleyini müəyyən etmişdi. 1953-cü ilin sərin payız axşamında Oğuzda - əslən Qərbi Azərbaycanın Zəngibasar mahalından olan İsmayıl müəllimin ailəsində dünyaya göz açan bu oğlanın çığırtısını düz 10 gün kəsmək mümkün olmamışdı. “Bu gün ölər, sabah ölər” fikirləşib daha ad da qoymayıblar. Yaşlıların uşaqdan əlini üzdüyünü görən ata nənniyə yaxınlaşıb “Əşşi, bu, ölən oğlana oxşamır, maşallah, Koroğlu kimi nərdi” deyib. Sanki bu sözə bənd imiş kimi uşaq səsini kəsib. Beləliklə də, körpənin adı müəyyənləşib: Koroğlu!

 

***

 

Daşıdığı ada boşundan sahib çıxmadığını Koroğlu Rəhimov çox sonralar bir daha anladı. Qarabağda qızğın döyüşlər gedəndə. Ermənilərlə haqq-hesabın kökü çox dərin idi. İki dəfə deportasiya olunan nəsli, uşaqlıqdan eşitdiyi və müşahidə elədiyi həqiqətlər ona necə hərəkət etməyin yolunu göstərirdi. Bu ada boşuna sahib çixmadığını anlayırdı Koroğlu. O zaman ki, Ağdərənin, Goranboyun kəndlərindən onun nərəsi gəldi, o zaman ki, ermənilər başına 500 min rubl pul qoydular, o zaman ki, çoxları onun əsl adının Koroğlu olduğuna inanmadı, elə bildilər ki, o, Türkiyədən gəlmiş xüsusi döyüşçüdür. “Koroğlu” isə igidliyə görə verilən ləqəbdir.

 

 

***

 

“Xocalı faciəsindən sonra Koroğlu özünə yer tapa bilmirdi. Çingiz Mustafayevin çəkdiyi kadrları görəndə hönkür-hönkür ağlayırdı. O vaxta qədər hələ biz bir dəfə də olsun Koroğlunu ağlayan görməmişdik”, - deyə həyat yoldaşı Aybəniz xanımla oğlanları Rəşadla Samir xatırlayırlar.

 

“92-ci ilin martın 12-də dedi ki, könüllü cəbhəyə gedirəm. Sözün düzü, onu saxlamaq üçün çox dil tökdük. Üç körpə uşaqla tək qalmaq asan deyildi. Özü də bir az qısqanc idi. Qohumlar zarafatla dedilər ki, sən ki, indiyədək Aybənizi tək heç yerə buraxmamısan, indi necə tək qoyub gedirsən. Dedi, mən getməyim, o getməsin, bəs kim getsin. Rəşadla Samirdən nigaran deyiləm. Ülviyyədən....Evin sonbeşiyi, istəklisi Ülviyyədən deyəsən nigaran idi. Elə atasının ölümünü də hamıdan qabaq duyan 4 yaşlı Ülviyyə olmuşdu.

 

***

 

Onu II Bakı batalyonunun II rotasının komandiri təyin etdilər. Almaniyada hərbi qulluq zamanı öyrəndiyi tankçılıq peşəsi karına gəldi. Rota 92-ci ilin mayından başlayaraq cəbhənin qaynar nöqtələrində  vuruşdu. İyunun 13-də Goranboyun Buzlaq, Çartaz, Erkəc kəndlərinin azad edilməsində  xüsusilə fərqləndi. Həmin döyüşdə rotanın əsgərləri 15 ermənini öldürdülər, 4 nəfəri əsir aldılar, xeyli döyüş sursatı ələ keçirdilər. İyunun 14-də isə Mənəş kəndi düşməndən təmizləndi. 8 erməninin canı bahasına. İyunun 15-i daha bir uğurlu əməliyyat və ...Başkənd bizimdir. Daha sonra isə Mağadiz və Gülüstan kəndləri. İyunun 21-də Mağadiz kəndi uğrunda gedən döyüşdə tabor komandiri Yaşar Qarayev bir neçə döyüşçü ilə mühasirədə qalır və Koroğludan təcili kömək istəyir. Bir döyüşçüsü həlak olsa da, 12 erməninin canı bahasına komandir və döyüşçülər saq-salamat mühasirədən çıxır, Mağadiz kəndi ikinci dəfə düşməndən azad olunur.

 

***

“Həmişə evə zəng edəndə deyirdi ki, qələbəyə lap az qalıb, biz Xankəndinə çatırıq. O buna möhkəm inanırdı. Elə bu inamla da iyunun 23-dən Ağdərə uğrunda döyüşlərə başlayır. Həmin istiqamətdə strateji əhəmiyyəti olan bir yüksəkliyi ələ keçirir. Sonra üçüncü sovxozu düşmən tapdağından təmizləyir. Daha sonra Marquşavan, Marağa, Qırmızıkənd məntəqələrinə nəzarətimiz bərpa olunur. Ağdərəyə girən rota burada ermənilərin böyük qüvvəsi ilə qarşılaşır. Və son döyüş...

 

***

 

“İyulun 2-də zəng elədi ki, iyulun 7-də Ülviyyənin ad gününə gələcək. Bu, Koroğlunun cəbhəyə gedəndən ilk məzuniyyəti olacaqdı. İyulun 3-də Ülviyyə qəfildən möhkəm ağlamağa başladı. Dedi ki, atamı saqqallı ermənilər öldürdü. Sən demə, həmin vaxt Koroğlu həqiqətən də ölürmüş...”

 

***

 

Həmin gün Koroğlu Rəhimovun rotası ermənilərin 3-cü sovxozda yerləşən mövqelərini darmadağın edib, Ağdərəyə yaxınlaşıb. Bu döyüşdə ermənilər 73 meyit və onlarca texnika qoyub geri çəkilir. Ağdərə yaxınlığında yanacaq stansiyası uğrunda şiddətli döyüş zamanı ayağından ağır yara alsa da, döyüş dostlarının arxa cəbhəyə çəkilmək təklifini rədd edir. Texnika az olduğundan ratsiya ilə arxadan kömək istəyir. Lakin kömək gecikir. Qəflətən taxıl zəmisinin arasından çıxan erməni tankı Koroğlunun əyləşdiyi maşını nişan alır. Həmin gün Koroğlu Rəhimovla bərabər rotanın daha 3 əsgəri şəhid olur. İyulun 6-da Şəhidlər Xiyabanı Ağdərə qəhrəmanlarını qoynuna alır.

 

Koroğlu Rəhimovun döyüş yolu çox qısa olsa da, Qarabağ müharibəsi tarixində silinməz izlər buraxıb. Bu izləri artıq silmək mümkün deyil. Lakin silinməyən başqa izlər də var. O izlər ki, cəmiyyətə əsl Milli Qəhrəman ailəsinə münasibətin necə olduğunu və necə olmalı olduğunu göstərməkdədir.

 

***

 

Heydər Əliyev Koroğlu Rəhimovun atası İsmayıl müəllimə qəhrəmanın “Qızıl Ulduz” medalını təqdim edəndə ondan nə dilədiyini soruşur. Övlad itkisindən qəddi əyilsə də, sınmayan ata oğlunun adını əbədiləşdirmək üçün Gözdən Əlillər Məktəbinə yaxın ərazidə məişət tullantıları atılan bir yerdə bağ salınması üçün icazə istəyir. Prezident dərhal Bakı Şəhər İcra Hakimiyyətinin o zamankı icra başçısı Rəfael Allahverdiyevə göstəriş verir. Prezidentin rəsmi göstərişi olsa da, bağın salınması prosesi illərlə uzanır. Əvvəlcə parklar və bağ Təsərrüfatlarının İnkişafı Departamenti problemin həllini yubadır. Daha sonra isə hazırkı mer Hacıbala Abutalıbov. Lakin Koroğlu Rəhimovun ailəsinin prezidentə və ölkənin birinci xanımına göndərdiyi məktublardan sonra həmin ərazinin çayxana kimi başqa şəxslərə satılmaq istəməsinin qarşısı alınır. Nəticədə Milli Qəhrəmanın adını daşıyan park onun ailəsinin şəxsi vəsaiti hesabına abadlaşdırılır. İndi bu park Koroğlu Rəhimovun büstü ilə bərabər ötüb-keçənlərə həm də Qarabağda döyüşən Milli Qəhrəmanların adlarını göstərir.

 

***

 

P. S.

 

“Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!”...

 

İlahi düzümün tərkib hissəsini kim poza bilər ki? Koroğlu Rəhimovun evində səslənir bu himn. Nəvəsi 3 yaşlı Koroğlunun dilindən...Deməli, AD və onun daşıdığı MİSSİYA davam edir....

 

# 2010
avatar

Kəmalə Quliyeva

Oxşar yazılar