Restoranın dəftəri, astronavtın qeydi…və Şirincə əfsanəsi
19 dekabr 2012 22:50 (UTC +04:00)

Restoranın dəftəri, astronavtın qeydi…və Şirincə əfsanəsi

«Seda Sayan burdadı, rəhmətlik Özalın xanımı, nəvələri. Xaricdən? Yox, deyilənə görə, onlar sabah gələcəklər. Gəlsələr də yəqin sabah Səlcukda qalarlar. Biri gün isə hamı bura yığışacaq».

Bunu mənə Yüksəl deyir. Sıradan bir kafedə çalışan birisi. Artıq neçə vaxtdır təmir üzü görməyən kafesinə də kosmetik əl gəzdirib. Sevinir. Bütün kənd əhli kimi. İnsanlar axın-axın qiyamət qorxusundan bu kəndə axışacaq, axı.

Kənd isə sevinc içində. Şirincəliləri deyirəm. Türkiyənin İzmir vilayətinin məşhur Şirincə kəndinin sakinlərini. Bütün dünyanın diqqət mərkəzində olan balaca bir türk köyünü…

…Bakı-İstanbul, İstanbul-İzmir reysi yubanmadı. İzmirdə hava limanındanca, Səlcuka yol alırıq. Çünki burası, Şirincəyə ən yaxın qəsəbə. İzmirdən Səlcuka 55 km yoldur. Adətən bu yolu türkiyəli sürücülər adambaşına 20 lirəyə (təxminən 10 manat) aparıblar. Amma Şirincə bu yolun qiymətini də qaldırıb. Üz-gözündən qiyamət yolçuluğu yağan sürücü 50 lirə deyib durdu. İki çinli-bəlkə də koreyalı, nə bilim-mən və bir ərəb təxminən 40 dəqiqədən sonra artıq Səlcukda idik. Bir gün əvvəldən «Saint Conh Otel»də yer sifariş verdiyimizdən rahat olduq. Otelə yerləşər-yerləşməz, kiçik qiyamət qopdu. Göy guruldadı, şimşək çaxdı, Səlcuku yağış suları aldı altına. Amma otelin sahibi Sabit bəy dedi ki, narahatlığa əsas yoxdur, sabah hava yaxşı olacaq.

***

Uzun yolun yolçuluğunun gətirdiyi yorğunluğu dəf edib Şirincəyə necə gedəcəyimiz barədə düşünməli olduq. Və məlum oldu ki, səlcuklu taksi sürücüləri də «fiyatları» qaldırıblar: 8 kilometrlik yola 50 lirə. İki saat gözləyib geri qaytarmaqla toplam 80 yeni türk lirəsi-yəni 40 manat.

- Bax, yağmır yağıyor. O köy də dağda. Ora arabanın getməsi zor bir iş.

Yalan deyirmiş, gözünün içinə qədər. Şüşə kimi asfalt yoldur. Yalan danışdığına görə, pulundan kəsirəm. Səsini başına atsa da, xeyri yoxdur.

***

Elə Şirincəyə də yağır; tut ucundan göyə çıx. Kənd bizi çox sakit qarşıladı. Sanki tufanqabağı sakitlikdir. Kafelər, restoranlar bomboş. Amma sabaha hazırlıqlı.

On min dollara otel odaları kirayələyənlər-filan, boş söhbətdir. Düzdür, otellərdə, xüsusən də Nişanyan evləri kimi tanınan və eyni soyaddan olan erməniyə məxsus qalacaq yerlərində qiymətlər əvvəlkindən azı 5-6 dəfə bahadır. Amma 1000-1200 dolları aşan otel otağı yoxdur.

Əslində, xırda bir kənd üçün vur-tut 600 nəfər əhalisi var deyirlər - bu, fantastik bir rəqəmdir. Neyləmək olar, burası Şirincə. Həm də hər gün qiyamət günü olmur ki?

***

Kənd yetərincə reklam olunub desək, yanılmarıq. Bəs sizcə niyə məhz Şirincə?

Hə, qoy burasını deyim, yaddan çıxmamış. Kəndin ağsaqqallarından sayılan Nuru Turköz Lent.az-ın müxbirinə bunu da nəql elədi. Demək, bu kənddə bir restoran var. Adı da «Artemis». Bu restoranın da bir xatirə dəftəri var. Burda kim qonaq olursa, həmin dəftərə  öz qeydlərini yazır.

Hər şey də elə o lənətə gəlmiş dəftərdən başlayıb, deyəsən. 2006-cı ildə təsadüfən Şirincəyə amerikalı astronavtlar gəlir. Onlardan biri, Con Makbrayd həmin dəftərə elə beləcə də yazır: «Mən kosmosda olanda yerdən qəribə bir işıq selinin gəldiyini gördüm. Mavi bir şüa idi. Sonra kosmosdan yerə baxdım. Cihazlar Türkiyə ərazisini göstərirdi. Bir qədər də dəqiqləşdirdikdən sonra həmin ünvanı, işıq selinin mənbəyini tapa bildim. Bu, Şirincə kəndi idi. Mən, indi bu kənddə olduğuma görə, özümü xoşbəxt hiss edirəm».

Bax, belə. Ardıncada mayalıların təqvim söhbəti, qiyamət hay-küyü, təbii, axırı elə belə də qurtarmalıydı.

***

Amma nə qurtarmaq. Hələ, təzə başlayır. Sabahdan.

Şirincədə nələr olacağı, kimlərin gələcəyi…bütün  anlar, ən maraqlı məqamları gün ərzində lent.az-da sizlərə çatdıracağıq.

Odur ki, qaçırmayın…

 

Səlcuk-Şirincə

  

 

# 2814
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar