Haaqa Tribunalı: Sarkisyan qəhrəmandır
30 noyabr 2012 21:00 (UTC +04:00)

Haaqa Tribunalı: Sarkisyan qəhrəmandır

Zahid Oruc

“Nə qədər ki məhkəmə elan etməyib, hər kəs günahsızdır”. Lakin bu hüquqi formul uzun illərdir ki, ikrah doğurur.

Xarici tədbirlərdə tez-tez bizdən soruşurlar: “Ermənistanı hərbi cinayətlərinə görə nədən məhkəməyə vermirsiz?” Bu sual faciələrimizin ildönümlərində daxildə də daha kütləvi şəkildə səslənir.

Buyurun, Haaqa Tribunalı Kosovanın keçmiş baş naziri Haşim Haradinaya barəsində çıxardığı verdikt buna cavabdır: “O, günahkar deyil!” Nəzərə alın ki, bu, artıq ikinci dəfə elan olunan məhkəmə bəraətidir. Unikal təcrübədir.

Keçmiş Yuqoslaviyada törədilən hərbi cinayətlər üzrə Haaqada yaradılmış orqan uzun müddətdir ki, fəaliyyət göstərir. Onların siyahısı əsasında həbs olunan serb liderləri və hərbi sərkərdələri ağır cəzalarını alaraq mənsub olduqları xalqın illərlə apardığı müharibənin hesabını ödədilər.

Balkanlardakı münaqişələr eynən sovetlərin dağılması ssenarisi əsasında cərəyan etdi. Növbəti bir kommunist düşərgəsi son dərəcə qanlı şəkildə tarixin səhnəsindən silindi. Sosialist sisteminin bir elementi olan Yuqoslaviya federativ dövlətini imperiya hamisi olmadan qoruyub saxlamaq faktiki mümkün deyildi Hətta Bros Tito kimi tarixi şəxsiyyətlər belə siyasi qanunauyğunluqların qarşısını ala bilməzdilər.

Slobodan Miloşeviç üzərində 6 il davam edən məhkəmə Qərbin bu coğrafiyada hansı yeni arxitektura qurmaqda maraqlı olduğunu dünyaya nümayiş etdirdi. Daha amansız şəkildə. Söhbət heç də Sloveniyanın bir güllə atmadan ayrılmasından, Xorvatiyanın Serb Krainasını diz çökdürərək müstəqilliyini toxunulmaz etməsindən, Makedoniyanın azadlığını qazanmasından getmir.

Keçmiş serb başçısına xalq qəhrəmanı və ya cəllad statusunu vermək bizim işimiz deyil. Lakin Balkan işindəki beynəlxalq hüquq axtarışları Qafqaz üçün də örnək ola bilər. Təəssüf ki, Azərbaycan siyasətini izləyənlər bu tarixi paralelin yalnız son fazasından daha çox danışmağa meyllidilər. Halbuki, Miloşeviç var gücü ilə tələb edirdi ki, BMT nə üçün son on ildə dünyada mövcud olan münaqişələrdən yalnız biri üzrə xüsusi qurum yaradır və dərhal da günahkarların mühakiməsi başlanır?!

Yaddaşı qısa olanlar üçün zəruri xatırlatma: Tribunal təşkil etmə vəzifəsi hüquqdan və amorf anlayış olan beynəlxalq ictimaiyyətin tələbindən deyil, məhz siyasi güclərin iradəsi və diktəsi ilə yaradılıb. Əks halda, həmin regionda real qərar sahibi olan dövlətlərin maraqlarının ziddinə çıxarılacaq Tribunal qərarları gələcək ssenarilərə xeyli zərbə vurardı. Bunları Miloşeviç də açıq şəkildə dilə gətirmişdi.


Ondan təkcə albanların soyqırımı və NATO-nun gözəgörünməz qırıcı təyyarələrini məhv etməyin qisasını almadılar. Hərçənd ki, Riçard Holbruk (bu münaqişənin həllində beynəlxalq missiya sahibi) taz-tez keçmiş serb rəhbərinə deyirmiş ki, serb xalqı bizə vurduğu ziyanı bir neçə qat artıqlığı ilə ödəyəcək. Sən demə, vurulmuş təyyarələrin qiyməti milyardlarla dollar təşkil edirmiş.

Lakin Miloşeviç Yuqoslaviyanın birliyini qorumağa çalışmağının bədəlini qanı ilə ödədi. O, bəyan edirdi ki, birinci erada Roma imperiyasını qorumaq üçün qılıncdan istifadə olunubsa, bu o deməkdir ki, üçüncü minillikdə də xalqlar üzərində silahla əsarət rejimi qurulmalıdır? Bu açıq şəkildə Amerika əleyhinə ittiham idi. Çünki faktiki olaraq 1998-ci ilə qədər bu dövlət Kosova Azadlıq Ordusunu terrorçu təşkilat kimi tanıyırd! Lakin Almaniyanın birbaşa kəşfiyyat, maliyyə dəstəyi ilə idarə olunan Kosova müqavimət cəbhəsi sonda daha böyük dövlətlərin də qərarının dəyişməsinə səbəb oldu. Kriminal kapital öz işini gördü.

Lakin bizi müasir Nürnberq prosesi maraqlandırır. Kosovanı müstəqil subyektə çevirəndən sonra Tribunalın başqa hansı mövqeyi ola bilərdi? Aşkardır ki, bu məhz siyasi qərardır. Başqa cür fərz etsək, onda Qərb terrorizmə və cinayətə şəriklikdə ittiham olunar və hamı bunu əldə bayraq edib ona qarşı güclü kampaniyaya çevirərdi. Üstəlik, birbaşa Rusiya bundan faydalanar, nəinki güdaza verdiyi keçmiş müttəfiqlərinin haqlarını tələb edər, eləcə də Saakaşvilini Osetiya cinayətinə görə qanunla asdırardı.

Dünən Haaqadakı mənzərəni izləyərkən Kosovadakı atəşfəşanlığı və ya serb diyarındakı matəmi seyr etmək elə də maraqlı səhnə deyildi. Hakimlər Haşim Haradinayanın “düzgün vuruşduğunu” təsdiqləyərkən dünyaya beynəlxalq hüququn nə qədər alqı-satqı predmeti olduğunu görk etdilər. Düşünürsünüzmü, indi Xocalı cinayətinə ATƏT-dən necə qərar alıb gətirmək olar? Sarkisyan, yaxud Koçaryan öz xalqının və Qarabağ ermənilərinin mili varlığı uğrunda mübarizlər kimi tanınmışlar. Onlara qarşı hüquqi iddialar eyni sonluqla nəticələnəcək. Haaqa Tribunalı Sarkisyanı Avropanın və öz ölkəsinin milli qəhrəmanı elan edəcək. Başqa cür məntiqə yer qalmır. Kosovanın keçmiş lideri faktiki olaraq “ölüm maşını”na rəhbərlik edib. Onun qəddarlığı və həyata keçirdiyi amansız qətlləri serb xalqının tarixində əbədi izlər qoyub. İndi isə qalib obrazında hamıya meydan oxuyur. Bu ərazilərin işğalına, dünyanın iradəsi ilə xəritələrin yenidən cızılmasına, gücün hüquq olduğuna növbəti bir mesajdır. Hamımız bundan dərs almalıyıq. Ədalət zəiflərin fəlsəfəsidir.

Ona görə Azərbaycanda milli qəhrəmanlığa can atanlar hər zaman beynəlxalq mühakiməyə hazır olsunlar. Günün birində Ermənistan bu iddialarda bulunacaq ki, Qarabağın yaşam haqqını tanımayan bizlərin əməllərinə, ziyalılarımızın antierməni ideologiyasına və siyasətçilərimizin bu ölkəylə düşmənçiliyinə Haaqada qiymət verilsin. Bilirsinizmi, Miloşeviçin zəhərlənmədən ölməmişdən qabaq son sözləri nə olmuşdu? O demişdi ki, mənim düşmənlərim indi azadlıqdadır, lakin azad deyillər. Mən isə həbsxanada ola-ola hamınızdan azadam. Çünki hamınızı ifşa etdim.

Cəmi bir neçə il keçəcək, Kosova tanınanda onun başının bəlası zühur edəcəkdi. Şəxsi xatirimdə qalan odur ki, tarixin ironiyasından Bakıda NATO-nun tədbiri zamanı bütün informasiya vasitələrini işğal edən bu xəbəri serb deputatlar acı və uzun göz yaşları ilə qarşılamışdılar. İndi sual belədir: HAAQA İLƏ HAQQ ARASINDA FƏRQ NƏ QƏDƏRDİR? BAŞQA DİLƏ KEÇMƏYƏK - ELƏ HƏR MƏNADA!
# 3844
avatar

Zahid Oruc

Oxşar yazılar