Qanunpərəstlik – MİLLƏT VƏKİLİ YAZIR
13 noyabr 2012 14:27 (UTC +04:00)

Qanunpərəstlik – MİLLƏT VƏKİLİ YAZIR

Biz və onlar. Bu ikili formatda düşünmək bütün dünya insanının gerçək halıdır. Ölkə sərhədindən kənara çıxdınmı, təfəkkür savaşı başlayır və gördüyün hər şeyin milli reallıqda paralelini tapır, üstün və aşağı məziyyətlərini müqayisə edərək hökmlər çıxarırsan. Əlbəttə, bu yaxşıdır. Əgər belə olmasaydı, 1-ci Pyotr minlərlə insanını xarici məkanlara göndərməz, ictimai bəlaları islah etmək üçün xalqa əyani seçim imkanı verməzdi.

Biz də belə səfərlərdə çox oluruq. Etiraf edim ki, bu statusundan, ictimai mövqeyindən, intellektindən və siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəsə müsbət dəyərlərin daşıyıcısına çevrilmək, fərqli keyfiyyətləri əxz etmək imkanı verir. Azərbaycan insanının dünyanı yetərincə müşahidə etmək qabiliyyəti var.

Bir neçə gün öncə Finlandiyaya səfər zamanı qarşılaşdığım mənzərə məni təəccübləndirdi. Yox, bu ölkənin beynəlxalq reytinq göstəriciləri, paytaxtın arxitektura mükəmməlliyi, nəqliyyatın rahatlığı və insanların dürüstlüyü heyrətimə səbəb deyildi. Bunları Avropanın uzunmüddətli idarəçilik şərtləri altında da qazanmaq olardı. Lakin Helsinkinin mərkəzi səhnəsində rus çarı Aleksandrın və onun yaxın çevrəsinin monumental heykəl kompleksi siyasi olaraq daha çox danışırdı.

Doğrudanmı fin xalqı onların ərazilərini ələ keçirən istilaçı rəhbərə tarixi sevgi bəsləyir? Bəs müstəqilik və azadlıq idealları? Axı oxşar taleyi yaşayan Qafqaz xalqları həmin dövrü həyatının məhrumiyyət illəri kimi xatırlayır. Lakin keçmişin dərinliyinə gedəndə bəlli olur ki, hər xalq əsarət rejimindən bir cür çıxıb və məruz qaldığı siyasi-iqtisadi və mədəni basqıların işləmə dərinliyi də fərqli olub. Fin xalqı Rusiyanın işğalını müstəqil Konstitusiyasını və valyutasını qəbul etməklə keçirib və Aleksandra rəğbət də burdan qaynaqlanır.

Bunu niyə xatırlatdım? Milli identikliyin itməsini və bir çox ictimai bəlaları izah edərkən ənənəvi arqumentləri bir kənara qoymağın vaxtıdır. Müstəqilliyin qazanılması bizə nə verdi deyərkən zahiri atributlardan danışmağa əsasımız var. Lakin vətəndaş həyatı, ictimai davranışlar və milli mövcudluq təkcə azadlığın əldə olunması ilə bitmir. Qanunlar hər bir millətin varlığının əsası, ruhunun, fəlsəfəsinin, dünyabaxışının və gələcəyinin özəyidir. 1995-ci ildə böyük Heydər Əliyevin müəllifliyi ilə qəbul olunan Konstitusiyanı yalnız dövləti qurmağın baş sənədi kimi deyil, həm də keçmiş sovet hüquq irsi ilə vidalaşmaq və yeni münasibətlərə keçid baxımından da dəyərləndirmək vacibdir. Əlbəttə, heç kəsdə belə bir illüziya yox idi ki, qısa bir zamanda Avropa hüquq sistemi və həyat tərzi avtomatik həyatımızın ayrılmaz hissəsinə çevriləcək. Buna təkcə dövləti qərarlar və nümunələr kifayət deyildir.

Niyə? Doğrudanmı ictimai ədalət və düzgünlük, qanunsevərlik bu qədər çətindir? Öz mənafeyimizə toxunanda xatırladığımız hüququn aliliyi naminə cəzanı rahatlıqla qəbul edərikmi? “Təki qanun udsun” - əxlaqına sahiblik və qanun kultuna bağlılıq nələrdən keçməlidir? Axı heç bir millət ayrı-ayrılıqda qanunsuzluğu sevə bilməz. Bunu mental dəyərlərlə bağlamağın bir adı yoxdur. Yoxsa, alman və ingilisin 100 illik vətəndaş savaşları, “hüquqlar haqda bill”ə gələn yoldakı inkvizisiya məhkəmələrindən və tonqallarından keçməliyik? Mənafelərin toqquşduğu və zəiflərin əzildiyi hər anda qanuna deyil, silaha əl atılması ictimai konsensus və ədalətli birgəyayış yarada bilməz. Bu ki, lap raskolnikovçuluq oldu...
Yəqin dərhal belələri tapılacaq ki, ölkələrin dini coğrafiyasına əsaslanıb qanunpərvərlik əmsalına islamın mənfi təsirindən miflər danışacaqlar. Sanki qanunçuluq mentaliteti yalnız xristianlara xasdır. Halbuki, 15 əsrdir ki, müsəlman ümmətini haqqa və ədalətə çağıran Quran, Allahın buyurduqlarından ən mükəmməl bir qanun sistemi düzəldib. Nə qədər insanın mənəvi dünyası bu etiqadların altında formalaşır? Hacılarımızın sayının artması ilə ictimai ədalətin təntənəsi arasında düz mütənasiblik olmalıdır. Belədirmi?
Ehtimal ki, əski sovet dönəminin ideoloji izlərindən və çərçivələrindən irəli gələn mirasın da qanunçuluq mühitinə zərbəsindən danışanlar olacaq. Məşhur filmimizdə deyildiyi kimi, “prokuror rayonun Allahıdırsa, kəsdiyi başa sorğu yoxdursa”, həqiqətən də belə idarəçilik ştamplarının izini beyinlərdən dərhal silib atmaq mümkün deyil. Lakin bu da vəziyyəti bütöv anlamağa kömək etməyəcək. Biz heç də Stalinin Bilqakova “məktubunu oxudum, uyğun cavab veriləcək” kimi iradədən danışmırıq. Hər halda sovet adamının özünümüdafiə mexanizmi olub. Sovetlərin xalqlar kazarması dünyanın basqısı altında hüquqi cəmiyyətin müəyyən rüşeymlərini yaradıb.

Dəyərlər və ənənələrimizin qanuna bağlı millət quruculuğuna təsiri daha mürəkkəb bir mövzudur. Şüuraltında özünə yer etmiş yaşam modellərini sərt cəzalandırma qorxusu ilə aradan qaldırmaq mümkün deyil. Hətta xalq hərəkatının qalibi kimi hakimiyyəti ələ götürən qüvvələrin naziri də ekrandan cəmiyyətə həqarət edərkən hüdudsuz səlahiyyətinə və cilovlanmazlığına deyil, qanunlardan üstün olduğuna görə özünü toxunulmaz sayırdı. Bizim yeni təfəkkürlü azadlıq carçılarımızda dekabristlər qədər alicənablıq yox idi. Həyatına təhlükə halında prezidentinin həbsinə sanksiyanı imzalayan baş prokuror bu addımı dinc dövrdə atsaydı belə eyni dönüklük ittihamı ilə qarşılaşacaqdı. Cefferson kimi hüquq və qanunçuluq etalonuna çevrilmiş avtoriteti keçmiş sovet rejimini yıxanların arasında tapa bilməzdik.

Pis qanunlar, hüququ boşluqlar hesabına məmurun fərdi cinayəti ictimai mənəviyyata və milli düşüncəyə zərbə sayıla bilərmi? Yəqin yenə də zəiflərin güclülər tərəfindən qanunla əzilməsi barəsindəki ənənəvi ittihamlar işə düşəcək. Bu gələcək zamanda növbəti oxşar əməlləri törətməyə hazırlaşanların ideoloji sığınacağıdır. Bizdə presedent hüququ yoxdur. Büdcə vəsaitinə barmaq uzadan şəxslə kənddə ilk fürsətdəcə elektrik xəttinə qarmaq atanın oğurluğu eyni mahiyyətlidir. Şəraitini dəyişsən kiçik əliəyrilik hadisəsi böyüyəcək. Deməli, insanın içindəki kənar meyllərin qarşısını almağa yaradılmış dövlətin nə qədər məsuliyyəti varsa, bir o qədər də evin, ailənin və cəmiyyətin vəzifəsi olmalıdır. Qonşusunun əməlinin üstündən keçən və onu özünə aid saymayan bir toplumun “satqın” ittihamından qorxması bir reallıqdır.

Sosial liftin yuxarı pilləkəninə layiq olmadığı halda çıxan qohumuna etiraz etmək, onu təbrikdən daşınmaq, qanadı altına sığınmamaq milli xarakterə çevriləndə qanunların meydanı böyüyəcək. Elə buradaca qeyd etmək yerinə düşər ki, hüquqpərəstlərin heç də hamısı bunu müqəddəs məramla etmirlər. Aşkarlayanda bəlli olur ki, onların qanunu pozmaq iştahası daha böyükdür.

Aleksis de Tokvill Amerikaya səfərindən bəhs edən məşhur kitabında qanunlardan pedantcasına qorxan minlərlə insanı görüb heyrətə gəlmişdi. Əsərləri dərsliyə çevrilmiş alim qeyd edirdi ki, amerikalılar qanunu canlı sayır, onun ruhundan qorxurlar. Bu artıq təhsil hadisəsi deyil, mövcudluq üsulu və ruhla bağlı məsələdir. Yaxşı xatırlayıram, Texniki Universitetdə kristal qədər təmiz Alı müəllimi. O bu adı məhrumiyyətlər hesabına qazanmışdı. Lakin dünyasını dəyişəndə cənazəsini yerdən götürməyə adam tapılmırdı. Az sonra başqa bir əks simvolun yas mərasimində izdihamdan tərpənmək mümkün deyildi. İctimai ədalət potensialı mühüm məsələdir. Avropanı ideallaşdırmaq olmaz. Onların cinayətkarları olmasa, polisi saxlamazlar. Lakin qanunsevərlilik tədris hadisəsi yox, yaşam üsuludur!

Bizim gedəcəyimiz yolun qanundan başqa alternativi yoxdur. Hər kəs qəlbinin dərinliyində bunu bilir. Müharibə və işğal reallığı Qərbə və onun hüquq sisteminə inamsızlıq yarada bilər. Lakin ən pis qanun qanunsuzluqdan yaxşıdır. Hamının bir damlasından milli taleyimiz asılıdır. Ənuşirəvan hökmdardan qiymətli bir fikir qalıb. O, bir dəfə istirahət zamanı gözətçini göndərir ki, yaxınlıqdakı kənddən gedib duz alsın. Əmri icra olunandan sonra soruşur ki, haqqını ödədinizmi? “Onun mahiyyəti nədir ki,ödəyək” - cavabına tarixlərdə yaşayan bu insan belə demiş: dünya yarananda yaxşılıq və pislik anlayışı yox idi. Hərə bir damcı pislik etdi və dedi “mənim etdiyimlə nə olacaq ki? Kəndlinin borcunu ödəyin!”

Qanun hər kəsin özündən başlayır...

(Yazı Zahid Orucun facebook səhifəsindən götürülüb)
# 912
avatar

Zahid Oruc

Oxşar yazılar