“Şəhriyarın portretini “atamdır” deyib, KQB-dən keçirdi...” – SÖHBƏT
06 sentyabr 2012 18:23 (UTC +04:00)

“Şəhriyarın portretini “atamdır” deyib, KQB-dən keçirdi...” – SÖHBƏT

Lent.az yeni layihəyə başlayır. Azərbaycanın tanınmış sənət adamları redaksiyamızda rəssam Adil Mirseyidin qonağı olub, sənətin, sənətkarın, həyatın, cəmiyyətimizin və dünyanın durumunu, problemlərini, gözəlliklərini incələyəcəklər. Layihənin ilk qonağı rəssam Fəxrəddin Əlidir.

- Ustad, Sizlə telefonda danışanda bağda dincəldiyinizi dediniz. Şəhər qələbəliyindən sonra bağ havasının ayrı bir ləzzəti var. Bağınız haradadır?

- Novxanıda. Arazın sahilində doğuldum, Bakıya gəlib təhsil aldım, Abşeronlu oldum.

- Mənə elə gəlir ki, Siz ömrünüz boyu təbiətlə vəhdətdə yaşamısınız. Sizi şəxsən tanımasaydım belə, əsərlərinizdən aldığım təəssürat bu fikri söyləməyə bəs edərdi. Əbəs deyil ki, Şərq mədəniyyətinin ruhunu dünya ilə barışmaq, ana təbiətin əsrarəngiz gözəllikləri qarşısında heyrət duyğusu təşkil edir. Təbiətlə uyğunlaşma sufi dünyagörüşündə özünü büruzə verir. Bir qədər dərinlərə baş vursaq, təbiətə qovuşmaq cəhdi sufilər üçün haqqa qovuşmağın yollarından biridi. Şərq insanı hər zaman təbiətə aşiqdir, çünki o, təbiəti Tanrının təzahürü kimi qavrayır.

- Babilistan mədəniyyətindən üzü bəri gələrkən, Şumer mədəniyyəti xüsusi yer tutur. Yazılı ədəbiyyatda mixi əlifba dediyimiz əlifba Babilistan torpağından gəlib. Bəs bu dilin, bu mədəniyyətin həqiqi sahibləri kimlərdi?
Avropa xalqları – fransızlar, ingilislər, yunanlar, italyanlar, xüsusilə yəhudilər çalışırlar ki, bu mədəniyyəti özlərinə sərf edən şəkildə yozsunlar. Bu mədəniyyətə sahib xalq dünyanın ən qədim xalqlarından biri hesab olunur. O tərəfə, bu tərəfə yozurlar, amma Şumer mədəniyyəti türk mədəniyyətidir. Mənim qardaşım Vaşinqton Universitetinin professorudur, iyirmi üç ildi Bakıdan gedib. O, Şumer mədəniyyəti ilə məşğul olur. Ona istinadən deyirəm, burda bizim danışdığımız bu dilin kökü Babilistan torpağından, Mesopotamiyadan gəlir, İraqdadır – Dəclə və Fərat çaylarının arasında. Ordan qüdrətli astronomlar və şairlər çıxıb. Bu mədəniyyət dünyaya mixi əlifbanı, bazar iqtisadiyyatını, böyük ədəbiyyat və sənət abidlərini bəxş edib.

- Şumer mədəniyyətindən söz düşmüşkən, mənim ağlıma hər şeydən öncə məşhur gil kitabələr gəlir.

- Bəli, vaxtilə ingilislər bu gil abidləri yığıb aparıblar. İndi qədim gil abidələr İngiltərədə, Fransada, Amerikada muzeylərdə saxlanılır. Qərb dünyası bu qədim mədəniyyətin türklərə aid olduğunu bilir, amma etiraf etmək istəmir. Sözümün əsas məğzi ondan ibarətdir ki, dil mədəniyyətimizin başlanğıcı Şumu dilinin danışıq dili bizim Muğan ləhcəsində gedən dildi. Heç bir xalq buna müdaxilə edə bilmir, çünki o dilə ən yaxın dil bizim dilimizdir. Füzulinin qəzəllərində dil Şumer dilinə yaxındı. Elmi mənbələr də bunu təsdiqləyir, çox təəssüf ki, o kitabları özümlə gətirə bilmədim. Deyirlər ki, biz əruz vəznini ərəblərdən götürmüşük, bu yanlış fikirdir.

- Belə çıxır ki, əruz vəzni Şumerlərə məlum olub?

- Bəli, hamısı Şumer mədəniyyətindən gəlir. Böyük Mustafa Kamal Atatürk deyir ki, tarixi biz yaratmışıq, amma tarixi biz yazmamışıq. Atatürk Türkiyədə Şumer mədəniyyətini araşdıran bir mərkəz yaratmışdı. Amma bu mərkəzin fəaliyyəti uğurlu olmadı. Bəşəriyyət yaranandan üzü bəri söz sənəti ən qüdrətli sənət olub və bu sənətin ən qədim nümunələri Şərqdə yaranıb. Çox sonralar Avropa ölkələrinə yayılıb. Deməli, Şərq mədəniyyəti, Qərb ölkələrində yenidən təşəkkül tapıb və Avropa mədəniyyəti adı altında yenidən bizə qayıdıb. Mixi yazılardan savayı çivi yazılar da mövcuddur. Baxın, “sivilizasiya” sözü də “çiv”dən törəmədir. “Sivilizasiya” sözü indi Avropa termini kimi başa düşülür. Şumerlər doqquz rəqəminə qədər yazırdılar, amma sıfırı tapmamışdılar. Şərq doğrudan da bəşər sivilizasiyasının beşiyidir. Şərq müdriklər diyarıdır. Bizim xalqın genetik kodu Şumer mədəniyyətinə gedib çıxır. Bizim belə bir başlanğıcımız olmasaydı, bir xalq kimi məhv olub gedə bilərdik.

- Həyatda hər adamın öz taleyi olur. Bir də onun mənsub olduğu ulusun taleyi mövcuddur, xalqın taleyi bizim ümumi taleyimizdir.

- Siz bir rəssam kimi fırçanızı təsviri sənətin müxtəlif növlərində sınamısınız. Kitab qrafikasından, portret janrından tutmuş, divar rəsmlərinə qədər çoxsaylı əsərlər yaratmısınız. Sovetlər dönəmində sosializm realizmi deyilən sənət cərəyanı, yeganə ideologiya kimi fetişləşdirilmişdi. Təsviri sənət “şanlı, böyük partiyamızın” əyani təşviqat vasitəsi sayılırdı. Lenin yoldaş ədəbiyyatı cəmiyyətin “vintciyi” adlandırırdı. Nə yaxşı ki, rəsmi ideologiyalara xidmət etməyən rəssamlarımız olub. Bu mənada, Səttar Bəhlulzadəni, Mircavadı, Əşrəf Muradı və başqalarını xatırlamaq yerinə düşərdi. Siz də o sənətkarlardan birisiniz. Biz sizi miniatür ustası kimi tanıyırıq. Siz miniatür sənətinə gəldiyiniz gündən klassik kanonları əsla yamsılamadınız, öz fərdi üslubunuzu, novator dəst-xəttinizi tapdınız.

- Məsələ burasındadır ki, mən köklərimizə bağlı adamam. Əvvəl pedaqoji texnikumda oxumuşam, sonra on bir il rəssamlıq təhsili almışam. Rəssamlıq məktəbində, sonra isə institutda biz yalnız və yalnız Avropa rəssamlıq məktəbini öyrənmişik. Rəssamlıq məktəbində bizim bir müəllimimiz oldu, Hafiz müəllim. Hafiz Məmmədov. O deyirdi ki, siz suyun suyunun suyunu içirsiniz.
Mən Hafiz Məmmədovun qızı Lətifə ilə oxumuşam.


- Mən doğulub, boya-başa çatdığım Oğuz torpağında, Araz çayının sahilində hər şeydə bir qədimlik ab-havası vardı. Rəssamlıq təhsilimiz sən dediyin kimi Qərb mədəniyyəti ilə, Avropa rəssamlığı ilə bağlıdı. Mən öz sənətimdə Qərblə Şərqin vəhdətini nümayiş etdirirəm. Şərq çox nəhəngdir, Şərq bir sirri-xudadır – Şərqin nə başlanğıcı var, nə də sonu. Böyük Şərq sənətkarları var. Behzad kimi, Sultan Məhəmməd kimi, Müzəfərəddin kimi...

- Bizim yaşadığımız coğrafi arealda, yəni Qafqazda miniatür sənəti ancaq bizim xalqa məxsus olub, indi də belədir.

- Bu mədəniyyətin kökləri çox qədimlərə gedib çıxır. Miniatür sənəti Çində çox geniş yayılıb. Bildiyimiz kimi, Çin mədəniyyətinin 4 min il yaşı var. Orta Asiya ölkələrində də miniatür sənəti inkişaf edib. Farslarda da miniatür var. Bizim Təbriz miniatür məktəbi bunların hamısının tacı sayılır. Təbriz miniatür məktəbinin şan-şöhrəti dünyanın hər yerinə yayılıb.

- Təəssüf ki, Təbriz miniatür məktəbi dünyada İran mədəniyyəti, farsın mədəniyyəti kimi təmsil olunur.

- Əlbəttə, bu yanlışdı. Farslar buna cəhd edirlər, amma onların cəhdləri boşa çıxır. Şah İsmayıl Xətai dövründə Cənubi Azərbaycanda, Təbrizdə sanki intibah dövrü yaşanırdı. Miniatürlərimizdən başqa, xalça mədəniyyətimiz də olduqca önəmlidir. Bizim xalçalarımız İran xalçaları adıyla dünya muzeylərini bəzəyir. Muğam mədəniyyətimiz də yalnız bizə məxsusdur. Bu bir tərif deyil. Bu faktdır, özü də danılmaz faktdır. İndi bütün Şərq ölkələri bunu anlamağa başlayıb.
Təbriz miniatür məktəbi, Təbriz xalçaçılığı, muğamlarımız, bunlar unikal sənət növləridirlər. ------- və Mahur muğamlarımız başqa muğamlarımızdan daha qədimdi. Bilirsinizmi, muğamlarımızın 6 min il yaşı var. Muğamlarımızın səsi Şumer mədəniyyətindən eşidilməkdədir. Bir daha vurğulamaq yerinə düşərdi, mən çəkdiyim əsərlərdə Şərqlə Qərbi sintez eləyirəm. Bu mənada, sizin dediyiniz novatorluq sözü yada düşür.

- Fəxrəddin müəllim, miniatür sənəti sözsüz ki, reallığı təqlid etmir. İslam incəsənətini gerçəkliyin davamı kimi qavramaq məncə daha düzgün yoldu. Söylədiyimiz fikrin ən bariz nümunəsi məhz miniatürdü. Miniatür sənətində məkan şərti, xarakter daşıyır. Miniatür sənətində ikiölçülü məkan mövcuddur və bu iki ölçülü şərti məkan sənətkar tərəfindən qəsdən bir-birindən ayrılır ki, onu seyr edən insanı xəyallar dünyasına aparır. Miniatür rəngkarlığında məkan elə təsvir olunur ki, biz həmişə ikiölçülü məkanı hiss edə bilirik. Deməli, miniatür sənətində maddi dünya ilə təxəyyül aləmi arasında sərhəd pozulur. Miniatür sənəti ilə Avropa təsviri sənətinin fərqi nədir?

- Miniatürdə perspektiv anlayış yoxdur. Məsələn, dağın arxasında təsvir olunan fiqurla ön plandakı fiqurun ölçüsü eyni məsafədə olur. Arxa plandakı fiqurla ön plandakı fiqurun eyni ölçüdə, eyni rəngdə olması bir müəmma deyil, bədii ifadə vasitələridir ki, bu da sənətkardan böyük ustalıq tələb edir. Bütün miniatürlərdə, ta Sultan Məhəmmədə qədər dörddə-bir ölçü önəmli sayılırdı. Sultan Məhəmməd miniatür sənətinə profil baxışı gətirdi. Miniatür insanın mənəvi aləminə yönəlik sənətdir.
Təbriz miniatür məktəbində işlənilən dominant rənglər digər miniatür məktəbinə xas olan boyalara uyğun gəlmir. Çəkdiyim əsərlərdə Təbriz miniatür məktəbindən, eləcə də İrəvan miniatür məktəbindən bəhrələnmişəm. Bir də zaman-zaman klassik poeziyamıza üz tutmuşam.

- Ustad, miniatür sənətində təmiz rəng, qatışıqsız rəng yaxımları olduqca vacib nəsnə deyilmi? Bir də miniatürlərdə kölgə mövcud deyil.

- Avropa rəssamlığında intibah dövrü italyan rəssamlarının əsərlərində işıq-kölgə effektlərilə diqqəti cəlb edir. Miniatürdə isə belə deyil, burda hər şey işıq-kölgə ilə həll edilmir. Miniatür şərtiliklər sənətidir. Miniatür rəssamı təbii rənglərdən istifadə edir. Əfşarın qələmə aldığı bir əsər var, orda təbii rənglərin alınma texnikasından danışılır. Qədim rəssamlara nisbətən müasir rəssamların işi bir az qəlizdi, o təbii boyaları əldə etmək bir az çətindir.

- Əfşarın o risaləsi vaxtilə rus dilində Moskvada çap olunmuşdu, mən, o, risalə ilə tanışam.

- Nizami Gəncəvinin xalçasını toxudum, üç metr hündürlüyündə, iki metr enində. Botanika institutundan mütəxəssislər dəvət olunmuşdu, onların ağac kötüyündən aldıqları boyalar vasitəsilə ipliklər boyadıq. Ağac kötüklərindən, otlardan, güllərdən, çiçəklərdən alınan boyalar hamısı isti tonlar verir. Göy, mavi və başqa soyuq rənglər almaq üçün təbii boyalara kimyəvi duzlar əlavə edirik. Keçmişdə isə rəssamlar ağac kötüklərindən aldıqları rəngləri nişasta ilə, yumurta sarısı ilə qarışdırırdılar. İndi mağazalarda kimyəvi rənglər satılır, bu rənglərin ömrü qısa olur. Mikelancelonun kapellaları beş yüz ildir təravətini itirməyib. Tempera deyilən rəng var, kilsələrin divar rəsmlərində o rənglərdən istifadə olunurdu, mən miniatürdə o rəngləri işlədirəm. Divar rəsmlərində o rənglərdən istifadə etmişəm, biri elə stadionun girəcəyindədi.
Arı şanından istifadə edərək xüsusi laklar hazırlamaq mümkündür. Mən divar rəsmlərinin üzərinə o cür lak çəkmişəm, bu da əsərin daha uzun ömürlü olması üçündür.

- Bu mənada rəssam universal şəxsiyyətdir.

- Təbii.

- Avropa rəssamlığı yüz illər boyunca Şərqdə mövcud olan təmiz rəng, şərti mücərrəd sənət dili ilə yalnız XX əsrin əvvəllərində tanış oldu. Beləliklə, Qərb təsviri sənətində Anri Matissin başçılıq etdiyi folizm, fransız sürrealizmi və digər modernist sənət cərəyanları yarandı. Modern təsviri sənətə necə münasibət bəsləyirsiniz?

- İyirminci əsrin əvvəllərində Avropa rəssamları Şərqə mədəniyyəti ilə dərindən maraqlanmağa başladılar. Qərbdə, kubizm, taşizm, ekspressionizm, abstraksionizm, pop-art kimi avanqard sənət cərəyanları yarandı. Elə bilirsiniz ki, İntibah dövrü rəssamlarının əsərlərində, bizim miniatür sənətimizdə bu avanqard cərəyanların izləri yoxdu? Məsələn, miniatür sənəti əslində dekorativ sənətdir, burda dekorativ sənət elementləri, sürreal düşüncə və bayaq dediyim kimi, bədii şərtiliklər, yəni abstrakt düşüncə, bir də avanqard sənətə aid edilən anti-perspektiv sənət anlayışı hələ çox qədim zamanlardan mövcud olub. Lokal rənglər mənim üçün vacib ünsürlərdən biridir. Qogenin, Manenin əsərlərini götürək, elə Pikassonu götürək, bu rəssamların hamısının əsərlərində lakonik rəng həlli ön planda durur. Pikassonun yaradıcılığı, bildiyimiz kimi, bir neçə dövrə bölünür. Pikasso uzun sənət yolu keçib, abstraksionizmə gəlib çıxdı. Pikassonun yaradıcılığına bir daha diqqət yetirin, şərq miniatürünün güclü təsiri açıq-aydın görünür.

- Van Qonq yaradıcığında da Şərq elementləri mövcuddur.

- Van Qoq yapon miniatürlərindən qidalanırdı, onların üzünü köçürürdü.

- Məşhur rəssamlardan biri, təəssüf, indi onun adını xatırlaya bilmədim, deyir ki, yaradıcı insan, yəni rəssam cəmiyyətdən təcrid olunmalı, dahiyanə bir ömür sürməlidir. Sizin bu fikrə münasibətiniz?

- Bizim bu sufi damarımız, dərvişlik məqamımız var. Dərviş tərki-dünya bir ömür sürür, ömrünü Tanrıya dualarla keçirir. Deyirlər ki, dərvişin qarnı doyan kimi gözü qapıda olur. Onlar Tanrı sevgisiylə fani dünyanın nemətlərindən üz döndərmiş insanlardır. Bu mənada, sizin dediyiniz rəssamın fikri ilə razılaşmaq da, razılaşmamaq da mümkündür. Hər halda, bu fikir rəssamın subyektiv fikridi, başqa bir rəssam tamam başqa düşüncəyə malik ola bilər. Mən deyə bilmərəm ki, o rəssam haqlıdı və ya haqsızdı.

- Amma bu fikirdə bir həqiqət rüşeymi görürsünüzmü?

- Var... Bir sıra korifey sənətkarlar bunu öz həyatları ilə sübut ediblər. Biri elə Mikelancelodu. Fəqət cəmiyyətdən təcrid olunmaq fikri mənə yad gəlir. Əlbəttə, sənətkar ilhama gəlib işlədiyi zaman ağ kətanla onun arasından heç kəs olmur.

- Siz böyük şairimiz Şəhriyarın bir neçə portretini işləmisiniz. “Heydər babaya salam” poemasının motivləri əsasında silsilə miniatürlər çəkmisiniz. Gəlin, Şəhriyarı xatırlayaq.

- Mən dəfələrlə klassik ədəbiyyatımıza müraciət etmişəm, Dədə Qorqud, Nizami, Füzuli, Nəsrəddin Tusi, Xaqani, Şəhriyar motivləri sevimli mövzularımdı. Əliağa Vahidin 150 qəzəlinə miniatür çəkmişəm. O miniatürləri ayrıca kitab şəklində buraxdırmaq istəyirəm. Şəhriyarın kitabı kimi. Altı ilə yaxın Vahid poeziyası üzərində işləmişəm. Məndən Şəhriyarı soruşanda deyirəm ki, Şəhriyar mənim çörək ağacımdı. Çörək təknəm boş olanda, yəni pulum qurtaranda Şəhriyara müraciət edirəm, bir də görürsən ki, hardansa bir sifariş alıram, ya da bir əsərim satılır – Allah yetirir. İlk dəfə 1980-ci ildə Şəhriyarla telefonda danışmışam. Qulamhüseyn Beqdaş vardı, professor. O İrana gedəcəkdi, mənə Şəhriyarın portretini çəkməyi tövsiyə elədi. Mən şairin portretini çəkdim, amma çox çətinliklə İrana apara bildik.
O vaxtlar başqa zaman idi. KQB portreti İrana buraxmırdı, axırda Qulamhüseyn “bu mənim dədəmin portretidi” dedi, ondan sonra buraxdılar. Beqdaş portreti aparıb Təbrizdə Şəhriyara vermişdi. Ondan çox öncə “Heydər babanın” hər bəndinə, poema 124 bəndən ibarətdir – deməli, 124 miniatür işləmişdim. Mənim haqqımda Şəhriyara danışmışdılar, demişdilər ki, Bakıda belə bir nəqqaş var, onlar rəssama nəqqaş deyirlər. Şəhriyarın telefonunu Bəxtiyar Vahabzadəyə, Süleyman Rüstəmə və Nəbi Xəzriyə verdim. O taylı - bu taylı şairlərimizi telefon vasitəsi ilə bir-birinə qovuşdurdum. O zamanlar Təbrizlə telefonla danışmaq çətin məsələydi. Burdan Moskvaya zəng vururdun, Moskva Tehranla danışırdı, Tehran Təbrizi calayırdı... İndi çox sadə bir şeydi bu. Hər Novruz bayramında Şəhriyarı telefonla təbrik eləmişəm. İlk dəfə telefonla danışanda Şəhriyarın səsinin atamın səsinə bənzədiyini duymuşam. Heç yadımdan çıxmaz, elə bildim atamla danışıram. Şəhriyarı xatırlayanda onun atamın səsinə oxşayan səsini eşidirəm.

- Sizin Rəssamlar İttifaqındakı fərdi sərginizi xatırlayıram, zala girən kimi Şəhriyarın portreti asılmışdı. Cavad Heyət də oradaydı, Cavad Heyətin çıxışı da yadımdaydı. Cavad Heyətin də məncə, rəssamlığı var.

- Doktor Cavad Heyət doğrudan da xalqımızın yetişdirdiyi böyük simalardan biridi. Allahın işinə baxın ki, o ərəfədə Heyət Bakıya gəlmişdi. Cavad Heyətin də portretini işləmişəm. Yubileyində özünə bağışlamışam. İki-üç gündən sonra Cavad Heyət yenə sərgiyə gəldi, bu dəfə xanımı ilə gəlmişdi.

- Sizin əsərlərinizdə bir sıra rəmzlər mövcuddur. Ağac, bulud, at, quş və s. sizin sevimli obrazlarınızdı. Rəmzlərə münasibətiniz necədir?

- Hər bir rəmzin öz mənası var. Mənim əsərlərimdə ağcaqayın ağacına rast gəlməzsiniz, çünki bu ağac mənə doğma deyil, bu ağaca mənim qanım qaynamır. Mənim göz açıb gördüyüm ağac palıddı, vələsdi, cevizdi, çinardı.
Bir dəfə Quba tərəfdə böyük bir ağacın koğuşundan bulaq axdığını görmüşəm. Çinar yarpağı, üzüm yarpağı rəssam üçün çox maraqlıdır.
Bağda qoz və əncir ağacları ilə dostlaşmışam.

- Bəs xüsusi olaraq rəğbət bəslədiyiniz bir rəng, bir qoxu, bir rəqəm varmı?

- Yaşıl rəng həyat rəmizidi, yaşıl rənglə sarı rəngin vəhdətindən istifadə edirəm. Sevdiyim rəqəm yeddidir. Onu da deyim ki, yeddi nəvəm var.

- Allah saxlasın... Ustad, bu bürküdə dəvətimizi qəbul edib, Novxanı bağlarından zəhmət çəkib şəhərə gəlmisiz. Biz də sizi yorduq.

- Əstəğfürullah, çox xoş oldu.
# 4574
avatar

Adil Mirseyid

Oxşar yazılar